Səlim Müslümov: Özünüməşğulluq proqramında iştirak edəcək şəxslərdən artıq 2 mindən çoxu təlim kurslarını başa çatdırıb

Bakı. Trend: Cari ildə də özünüməşğulluq proqramının icrası işləri müvafiq qrafik əsasında davam etdirilir. Bu il həmin proqramda iştirak edəcək şəxslərdən artıq 2 min nəfərdən çoxu bununla əlaqədar ilkin mərhələ olaraq təlim kurslarını başa çatdırıb və hazırda biznes-planlarının hazırlanması işlərini aparırlar. Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib. Nazir qeyd edib ki, sonrakı mərhələdə kursları bitirmiş şəxslərin özünüməşğulluq proqramı çərçivəsində fərdi təsərrüfatlarını qurmaq istədikləri iqtisadi fəaliyyət növü üzrə bilik və bacarıqlarının, hazırladıqları biznes-planların qiymətləndirilməsi aparılacaq: “Qiymətləndirmənin nəticələrinə əsasən onlar kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar. Yaxın vaxtlarda bu il proqrama cəlb olunacaq digər şəxslər üçün təlim kurslarına da başlanacaq”.