Nazir: Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi prosesinə artıq başlanılıb

Bakı. Trend: Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb. Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib.