Əli Abbasov: "İKT-nin sürətli inkişafına görə Azərbaycan beynəlxalq hesabatlarda öncül yerlərdədir"

Fevralın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının iclası keçirilib.

İclasda regionların sosial-iqtisadi inkişafı və 2015-ci ilin Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunması ilə bağlı məsələlər müzakirə olunub.

Gün.Az-ın verdiyi məlumata görə, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, uğurlu dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmizin bütün bölgələri dinamik inkişaf edir.

Bu məsələnin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyən E.İbrahimov dövlət başçısının mütəmadi olaraq bölgələrə səfər etdiyini, görülən işlərlə birbaşa maraqlandığını vurğulayıb.

Azərbaycanda aqrar sahənin də inkişafına xüsusi diqqət göstərildiyini bildirən E.İbrahimov 2015-ci ilin «Kənd təsərrüfatı ili» elan olunmasının bu sektora qayğının bariz nümunəsi olduğunu qeyd edib.

O, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük potensialın olduğunu deyib.

İclasda çıxış edən rabitə və yüksək texnologiyalar naziri, YAP Siyasi Şurasının üzvü Əli Abbasov ölkəmizdə İKT-nin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycanın beynəlxalq hesabatlarda öncül yerlərdə olduğunu vurğulayıb.

Ölkəmizin regionlarında da İKT-nin inkişafına xüsusi diqqət yetirildiyini deyən nazir bölgələrdə elektron xidmətlərinin səviyyəsinin artmaqda olduğunu qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı fikirlərini bildirib.

Kamil Həmzəoğlu