"Əməkdar məşqçi" fəxri adına layiq görülən Fuad Zeynalov uğurlarından danışdı

Sərhəd qoşunlarının zabiti, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu, dünya kubokunun sahibi, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin baş məşqçisi Fuad Zeynalov "Əməkdar məşqçi" fəxri adı ilə təltif olunub. Bununla bağlı SİA-ya açıqlama verən F. Zeynalov 2014-cü ilin onun üçün uğurlu keçdiyini qeyd edib: "2014-cü ildə həm idmançı, həm də məşqçilik karyeramda uğurlu nəticələr əldə etmişəm. "Sərhədçi" İdman Olimpiya Mərkəzində onlarla yeniyetmə və gəncə bu döyüş növünün sirlərini öyrədirəm. Bu il bir çox tələbəm respublika, dünya və Avropa çempionatlarında, digər beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər.

"Əməkdar məşqçi" fəxri adı ilə təltif olunmağım məni çox sevindirdi və üzərimə daha da böyük məsuliyyətlər qoydu. Mənə etimad göstərən, uğurlarımı qiymətləndirən hər kəsə minnətdarlığımı bildirirəm. Ölkə başçısı, Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Azərbaycan idmanına və idmançılarına çox böyük diqqət və qayğı göstərir. Biz öz məsuliyyətimizi başa düşürük və ən yüksək nəticələrə imza atmaq üçün əlimizdən gələni edirik".

F. Zeynalov 2014-cü ildə idmançı karyerasında qazandığı nailiyyətlərdən də danışıb: "2014-cü ildə keçirilən müxtəlif versiyalar üzrə dünya çempionatlarında 2 qızıl və 1 bürünc medal qazandım. ABŞ-ın Orlando şəhərində hərbçilər arasında Çin döyüş sənəti üzrə keçirilən dünya çempionatında çempion oldum. Yunanıstanın Santorini adasında kikboksinqin low-kik versiyası üzrə dünya çempionatında da ən yüksək göstəriciyə imza ataraq, qızıl medal qazandım. VAKO versiyası üzrə Türkiyədə keçirilən dünya çempionatında isə bürünc medal qazandım".

Elgün Vidadioğlu