"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC ilkin kapitalını formalaşdırır

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin ümumi dəyəri 2 milyon manat olan sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın rəsmi saytında bildirilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri bir manat olan iki milyon səhm buraxılıb.

İlkin yerləşdirmə qapalı rejimdə keçiriləcək.

"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC 2013-cü ilin aprelində dövlət başçısının sərəncamı ilə yaradılıb. QSC Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində polad istehsalı üzrə komplekslərin layihələndirilməsi, tikintisi və idarə edilməsini yerinə yetirir. Səhmləri dövlətə məxsus olan "Daşkəsən Filizsaflaşdırma" ASC kompleksin tərkibinə daxil edilib.