"Gələcək nəsillərlə üz-üzə" respublika inşa müsabiqəsinin qalibləri sırasında Bakı Biznes Universitetinin tələbələri də vardır

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyində qurumun, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan "Gələcək nəsillərlə üz-üzə" respublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Bakı Biznes Universitetindən AzərTAc-a bildirmişlər ki, qaliblər arasında bu ali təhsil müəssisəsinin tələbələri də olmuşdur.

Universitetin tələbələri Fəridə İsayeva "İşin və institutların təbiəti dəyişdikcə fərdin qərar vermək bacarığının təkmilləşdirilməsi" mövzusunda inşa yazısına görə I yerə, Nigar Quluzadə isə "Hər kəs üçün münaqişəsiz, kifayət qədər təmiz su" mövzusunda inşa yazısına görə II yerə layiq görülərək mükafatlandırılmışlar.

Qeyd edək ki, inşa müsabiqəsinə təqdim edilən yazılar müvafiq 15 qlobal çağırışa uyğun 15 mövzunu əhatə etmişdir.

Orta məktəblərin IX-XI sinif şagirdlərini, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini əhatə edən inşa müsabiqəsi ölkəmizdə 2007-ci ildən həyata keçirilir.