Nobel mükafatı laureatları xanım Ada Yonat Azərbaycan Tibb Universitetində olmuşdur

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Nobel mükafatı laureatı xanım Ada Yonat (İsrail) noyabrın 2-də Azərbaycan Tibb Universitetində (ATU) olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə tanışlıq məqsədi ilə dünya şöhrətli alimə ATU-nun nəzdində Prezident İlham Əliyevin sərəncamı əsasında inşa olunmuş Tədris-Terapevtik Klinika haqqında məlumat verilmişdir.

Sonra klinikanın konfrans zalında universitetin müəllim-tələbə heyəti ilə qonağın görüşü olmuşdur.

Görüşdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Nobel mükafatçısının elmdə əldə etdiyi nailiyyətlərdən danışmışdır.

Diskusiya şəklində davam edən görüşdə Ada Yonat universitetin müəllim və tələbələrinin suallarını cavablandırmışdır.

Akademik Əhliman Əmiraslanov qonağa "Universitetin fəxri qonağı" diplomunu təqdim etmişdir.