Jurnalistlər arasında "Qafqaz İslam Ordusu - 95" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Sentyabrın 14-də "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində" layihəsi çərçivəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə jurnalistlər arasında "Qafqaz İslam Ordusu - 95" mövzusunda keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimi açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əlamətdar gün - Bakının bolşevik-erməni daşnak işğalçılarından azad edilməsinin 95-ci ildönümü ərəfəsində keçirildiyini diqqətə çatdırmışdır. O, 95 il əvvəl Qafqazda, o cümlədən Azərbaycanda baş verən hadisələri xatırlatmış, qardaş türk əsgərlərinin xilaskarlıq missiyasından söhbət açmışdır. Bildirmişdir ki, həmin vaxt ölüm ya olum dilemması qarşısında qalmış Azərbaycan xalqı məhz qüdrətli sərkərdə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun vaxtında xalqımızın köməyinə çatması sayəsində onu gözləyən daha dəhşətli faciələrdən qurtulmuşdur. Məhz görkəmli sərkərdə Nuru Paşanın böyük hərbi istedadı sayəsində həmin vaxt yenicə müstəqilliyini elan etmiş ölkəmizin vuran ürəyi olan Bakı və digər ərazilərimiz bolşevik-erməni daşnak qüvvələrindən təmizlənmiş və xalqımız öz varlığını qoruyub saxlaya bilmişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan xalqı öz xilaskarlarını heç vaxt unutmur. Qafqaz İslam Ordusunun tərkibində dövlətimizin müstəqilliyi, xalqımızın azadlığı naminə vuruşmuş hər bir türk əsgərinin göstərdiyi şücaət qədirbilən azərbaycanlılar tərəfindən əsl qəhrəmanlıq kimi qiymətləndirilir.

Mərasimdə ATXƏM-in sədri İlham İsmayılov, Xalq Şairi Nəriman Həsənzadə, "Azər-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, xilaskar Qafqaz İslam Ordusunun əsgəri Hüseyn Əfəndinin Azərbaycanın Ağdaş rayonunda dünyaya gəlmiş, sonradan Türkiyəyə köçmüş oğlu İhsan Özköseli, əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının sədri Abbas Göyçə, həmin qurumun sədri Səfər Qaraqoyunlu, Milli Məclisin deputatı Qənirə Paşayeva, BDU-nun professoru, Qafqaz İslam Ordusunun döyüş yolunun tədqiqatçısı Anar İsgəndərli Azərbaycanın mürəkkəb tarixi dövründə xalqımızı yadelli işğalçılardan xilas etmiş türk əsgərlərinin qəhrəmanlığından danışmışlar.

Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu xüsusi vurğulayan natiqlər paytaxtımızda Nuru Paşanın abidəsinin ucaldılmasını, küçələrdən birinə görkəmli türk sərkərdəsinin adının verilməsini, o dövrdə Bakı, Göyçay, Ağsu, Şamaxı, Hacıqabul və Azərbaycanın digər ərazilərinin yağı düşmən qüvvələrindən azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1232 türk əsgərinin şərəfinə xatirə kompleksinin yaradılmasını təklif etmişlər.

Tədbirdə Xalq Şairi Nəriman Həsənzadənin "Nuru Paşa" poemasından parçalar səsləndirilmişdir.

Sonra "Qafqaz İslam Ordusu - 95" mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin adları elan olunmuş, onlara diplomlar və pul mükafatları təqdim edilmişdir.

Müsabiqənin qalibləri arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (