Almaniyanın Vurzburg Universitetinin professoru tələbələrlə görüşmüşdür

Bakı Slavyan Universitetinin (BSU) alman filologiyası kafedrasında Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vurzburg Universitetinin və BSU-nun professoru xanım Ziqlinde Hartman və həmin universitetin əməkdaşı Yorn Borkmanla görüş keçirilmişdir.

BSU-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Z.Hartmanın Azərbaycanda gördüyü işlərdən söhbət açılmışdır. Diqqətə çatdırılmışdır ki, Z.Hartman mütəmadi olaraq universitetin filologiya fakültəsinin germanşünas tələbələrinə mühazirələr oxuyur, ustad dərsləri keçir, alman dili və ədəbiyyatını tədris edən müəllimlərlə görüşür. O, eyni zamanda, "Orta əsr alman ədəbiyyatında məhəbbət mövzusu" kitabının müəllifi və BSU ilə Almaniyanın Yohannes Qutenberq Universiteti - Mayns və Osvald fon Volkenştayn Cəmiyyəti arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə": Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı 10 illik layihənin əlaqələndiricisidir.

Səmimi keçən görüşdə tələbələr alman dilində şeirlər oxumuş, mahnılar ifa etmişlər.