Qardaşı prokurorluqda işləyən dələduz Ali Məhkəməyə müraciət edib

Ümumilikdə 400 min manat dələduzluq edərək şərti iş alan şəxs hökmdən narazı qalaraq Ali Məhkəməyə müraciət edib. "Ölkə.Az"ın məlumatına görə, Quliyev Namiq Ədalət oğlunun məhkəmə prosesinə hakim İmran Hacıqayıbov sədrlik edəcək. Xatırladaq ki, ötən ilin 31 may tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevə şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, 47 yaşlı Quliyev Namiq Ədalət oğlu gəmi təmiri ilə məşğul olan "Techmarin LTD" şirkətinin direktoru Arif Həsənovdan 87 min dollar alaraq mənimsəyib. A.Həsənov həbsdə olan MTN generalı Akif Çovdarovun "toruna düşüb". N.Quliyev isə onu bu "tor"dan çıxarmaq üçün kömək edəcəyini deyib və qeyd edilən məbləğdə pul alıb. A.Həsənov "MTN işi"ndə də zərərçəkən kimi tanınıb. Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır. A.Həsənovun oğlu Həsən Həsənov deyib ki, N.Quliyev MTN-dəki işi həll etmək üçün onlardan 87 min dollar alıb. N.Quliyev isə 87 min dollar aldığını etiraf etsə də, pulu MTN-lə bağlı məsələni həll etmək üçün yox, biznes qurmaq üçün aldığını deyib. Namiq Quliyev ümumilikdə 400 min manat dələdzuluq etməkdə ittiham olunub.