Təmir başladı: sərnişin yollarda, sürücülər tıxacda qaldı

Xətai rayonu Məhəmməd Hadi küçəsində aparılan təmir işləri ilə bağlı bəzi marşrutlar istiqamətini dəyişib, “Əhmədli” metrosuna qədər artıq gəlmirlər. Nəticədə Ukrayna dairəsindən “Əhmədli” metrosuna qədər piyada gəlib-getməyə məcbur olan sərnişinlər narazılıq edir. Problemin təmir bitəndən sonra aradan qalxacağı deyilir. Bəs, təmir nə zaman bitəcək? Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Axar.az-a açıqlamasında başlanğıcını Qara Qarayev və Babək prospektlərinin kəsişməsindən götürən M.Hadi küçəsində aparılan təmir işlərinin bir ay ərzində tamamlanacağını bildirib. Qeyd edək ki, uzun müddətdir təmirsiz olan yolda əsaslı işlər aparılır. Yeraltı bütün kommunikasiya xətləri dəyişdirilir, yol genişləndirilir, piyadalar üçün səki və gəliş-gediş istiqamətlərini bir-birindən ayıran maneə inşa edilir.