Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının sayı 77 nəfərdir. APA-nın yerli bürosunun Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ilin fevral ayına olan məlumata əsasən, qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 27-si təqsirləndirilən şəxs, 50-si isə məhkumdur. Təqsirləndirilənlərin hamısı kişi, məhkumların isə 46-sı kişi, 4-ü qadındır. Azərbaycan vətəndaşları Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 16,4%-ni təşkil edir. Gürcüstanda ümumilikdə 470 xarici ölkə vətəndaşı həbsdədir ki, onların da 120-si Türkiyə vətəndaşıdır. Qonşu ölkənin həbsxanalarında saxlanılan Rusiya vətəndaşlarının sayı 55, İran vətəndaşlarının sayı 48, Ermənistan vətəndaşlarının sayı isə 29 nəfərdir.