ATƏT PA-nın müşahidə missiyasının tərkibi məlum olDU

ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə missiyasının tərkibi məlum olub. "Ölkə.Az" xəbər verir ki, ATƏT PA-dan "Report"a verilən məlumata görə, aprelin 11-də keçiriləcək Prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək. Gələn həftə Bakıya gələcək ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir. "Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək üçün bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək mənim üçün qürurvericidir. Assambleya həyata keçirilən hər missiyaya böyük əhəmiyyət verir və bütün seçkiləri ATƏT-in 1990-cı ildə qəbul edilmiş Kopenhagen Sənədində razılaşdırılmış eyni öhdəliklər əsasında qiymətləndirir", - Marqret Kiner Nellen qeyd edib. Daha əvvəldən bildirildiyi kimi, ATƏT PA müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) olub.