Ali məktəblərdə hazırlıq qruplarının yaradılmasının gecikmə SƏBƏBLƏRİ

13 iyun 2017-ci il tarixində Milli Məclisin növbədənkənar iclasında “Təhsil haqqında” Qanunda dəyişikliklər layihəsinə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilib. Həmin maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq qruplarına keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçimində iştirak etməyən abituriyentlər qəbul ediləcəyi nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi. Lakin Təhsil Nazirliyindən mediaya verilən açıqlamada hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi və hazırlıq qruplarının növbəti tədris ilindən fəaliyyətə başlayacağı bildirilib. Modern.az xəbər verir ki, AzEDU.az  prosesin bu qədər uzanmasıyla bağlı ilginc məlumatlar əldə edib.  Bunun əsas səbəblərindən biri hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. Əks halda hazırlıq qruplarında yalnız qızlar təhsil alacaq. Araşdırmamız zamanı o da məlum oldu ki, hazırda məsələ Nazirlər Kabinetində müzakirəyə çıxarılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə Nazirlər Kabineti arasında mövzuyla bağlı müzakirələr davam edir. Görünən odur ki, bu tədris ilində nəzərdə tutulan məsələ həllini tapmayacaq.