Məşhurlarla görüşdən XATİRƏLƏR: “Elçibəy dedi ki, sən mütləq ali məktəbə daxil olmalısan”

Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər. Modern.az  saytının  “Məşhurlarla görüşdən xatirələr”  adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər. Budəfəki müsahibimiz  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafadır. Deputat  bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında xeyli maraqlı məqamlar qaldığını bildirib. Əbülfəz Elçibəylə ilk görüşündən xatirə... “Mənim ən yaddaqalan görüşlərimdən biri Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəylə ilk tanışlığım olub. Onunla ilk görüşüm 1981-ci ilin avqustunda mən orta məktəbdə 9-cu sinifdə oxuyarkən baş tutub. O zaman Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bizim qohumlarımız vasitəsilə mənim haqqımda eşitmişdi. Və bildirmişdi ki, Əbülfəz Elçibəy Naxçıvana gələndə mənimlə onu mütləq görüşdürəcək. O, yay ayında gəlmişdi və mənə bildirdilər ki, səni Elçibəylə görüşdürmək üçün gəlib aparacağıq. Mənim o zaman Güney Azərbaycana həsr olunmuş şeirlərim vardı. Həmin şeirləri götürüb görüşə getdim. Çox maraqlı bir görüşümüz baş tutdu. Bu görüş 2 saatdan çox çəkdi. Görüş zamanı Əbülfəz bəy mənim şeirlərimə baxdı və çox bəyəndi”. “Naxçıvanda gizli təşkilatımız vardı” Deputat xatırladıb ki, həmin görüşdə Əbülfəz Elçibəy ona deyib ki, ali məktəbə qəbul olunmağına köməklik göstərəcək: “Mənə telefon nömrəsini də verdi. Dedi ki, sən mütləq ali məktəbə daxil olmalısan. O zaman bizim Naxçıvan şəhərində gizli təşkilatımız da vardı. O təşkilatda rejim əleyhinə çox ciddi işlər görülürdü. Daha çox Cənubi Azərbaycanın birliyini təbliğ edirdi. Bununla bağlı da bir neçə söhbətlərimiz oldu. O zaman Əbülfəz Elçibəyin “Azərbaycan jurnalı”nda bir yazısı çıxmışdı. Jurnalda Tofiq Fikrətin “Millət Şərqisi” seirini ilk dəfə oradan oxumuşdum. Zülmün topu var, gülləsi var, qəlpəsi varsa,  Haqqın da bükülməz qolu, dönməz üzü vardır. “Millət Şərqisi” seirinin bu bəndini ilk dəfə oradan oxumuşdum. Bir də “Fərhadi”ilə bağlı elmi məqaləsi vardı.Təsəvvürüm vardı onun fəaliyyəti haqqında. O vaxtdan bizim dostluğumuz başladı. Bu görüş mənim yaddaşımda bir dönüş nöqtəsi yaratdı”. “Hamının köməkliyindən imtina etdim” Fazil Mustafa bildirib ki, Bakıya gələndən sonra Əbülfəz Elçibəyi aramayıb: “O dövrdə mənim düşüncəm bu idi ki, hər şeyi öz gücümə əldə etməliyəm. Ona görə də ali təhsil və başqa məsələlərdə hamının köməkliyindən imtina etdim. Sonrakı dövrdə isə yataqxanada qalanda iş elə gətirdi ki, Əbülfəz Elçibəy bizim otağa gəldi. Dostlarla birlikdə səhərə kimi söhbət etdik. O vaxtdan dostluğumuz bir təşkilatda, bir yerdə fəaliyyətə dönüşdü. Sonrakı dövrlərdə də bir yerdə olduq. Ən çox xatirəmdə qalan görüşlərdən biri məhz danışdığım hadisə olub”.