"Belə gedişlə, bunlar hələ çox "zibilllər" qaynadacaqlar..." - VİDEO

Vaxt və şərait imkan verdikcə bəzi məsələlərlə bağlı öz fikir və düşüncələrimi sizlərlə bölüşürəm. Və bu gün haqqında danışmaq istədiyim mövzu bəlkə də mənim və mənim kimi minlərlə, milyonlarla Azərbaycan vətəndaşının ən yaralı və narahat etdiyi sahələrdən biridir. Yenə də bəzi televiziya və radio kanallarından bir az danışmaq istərdim. Mətbuat, sosial media haqlı olaraq yazır ki, düşmən ölkənin radio dalğaları az qala Bakıya kimi gəlib çıxır, bizim bu sahəyə cavabdehlik daşıyan qurumlardan isə səs-soraq çıxmır. İstər rabitəçilərimiz olsun, istərsə də Milli TelerRadio Şurasının cavabdeh şəxsləri. Sanki bunlar Azərbaycanda deyil, hansısa uzaq Afrika respublikalarından birində yaşayır və yaxud da elə zənn edirlər ki, bədnam erməni qonşularımızın ideoloji maşını Azərbaycan ərazisində deyil, digər bir uzaq məkanda "at oynadır". 21-ci əsrdə buna qarşı mübarizə apara bilməməyimiz, sadəcə cavabdeh şəxslərin məsuliyyətsizliyi və vəzifə borclarını bilməmələridir. Əgər onlar odlu silahdan daha güclü, daha təhlükəli televiziya və radio verlişlərin oynadıqları rolu dərindən anlasaydılar, məncə bu vacib məsələni çoxdan çözər və əks addımlar atardılar. Şəxsən mən inanmıram ki, Azərbaycan dilində ermənilərin ziyanına ola biləcək hansısa radio və ya televiziya rahat şəkildə hayların xarabalarında səslənə. Bu mümkün deyil və xaçiklər, sadəcə o cavabdeh şəxsləri az qala daş-qalaq edərlər. Biz isə, yazırıq, deyirik, müvafiq qurumlardan isə heç bir reaksiya yoxdur. Niyə, cənab cavabdeh şəxslər? Olmaya ortalıqda nə isə var, biz sadə adamlar bilmirik? Bir qədər əvvəl isə, diqqətinizə aşağıda yetiridyim videoya baxıb çox əsəbləşdim. Son vaxtlar bizim bəzi incəsənət və mədəniyyət sahəsinə aid yoldaşlar televiziya kanallarında özləri üçün bir verliş açıb guya xalqı maarifləndirirlər. Əslində isə, hesab edirəm ki, o yoldaşlar gedib öz sahələri ilə məşğul olsalar daha yaxşı və düzgün olardı. Tolik, Tarix adlı "aparıcı" guya nə isə qeyri-adi bir istedad nümayiş etdirmək üçün elə bir kobud və bağışlanmaz səhvə yol verdi ki, bu sadəcə dözülməzdir. Mən başa düşürəm ki, o bunu bilərəkdən etmədi. Amma, söz ağızdan çıxdısa, o artıq sənin deyil. Oğul itirmiş Şəhid anasının yanında deyir ki, bizim 2016-cı ilin aprel hadisələri zamanı vurulmuş vertolyotumuz sən demə Ermənistan ərazisində vurulubmuş?! Videonun 50.21-ci saniyəsinə həm baxın, həm də dinləyin. Ay Tolik adlı Tarix, axı Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri heç vaxt düşmən ərazisinə keçməyib və biz mənfur ermənilərlə, onların havadarları olan ruslarla məhz əzəli Qarabağ torpağında ölüm-dirim savaşını aparırıq və sona qədər də aparacağıq. Bəs bizim bəzi özlərini xarici ölkələrdəki şou-biznes adamlarına oxşadıb özləri üçün müxtəlif müəllif və ya digər verlişlər açan sənət adamları hansı səviyyə ilə çoxmilyonlu auditoriya qarşısına çıxıb bəzən bağışlanılmaz səhvlər də buraxırlar? Hesab edirəm ki, belə gedişlə, bundan sonra əksər ali təhsil ocaqlarının jurnalistika fakültələrində təhsil alan jurnalistlər arasından heç kim televiziya jurnalistikasına ümid olmasın və ya onlara ehtiyac o qədər də çox olmayacaq. Onsuz da indi hər yerindən duran durub aparıcılıq edir, guya millətin maariflənməsi üçün "iş görür". Və bu iş də, daha çox "qaş düzəldən yerdə vurub gözü çıxartmağa" bənzəyir. Bunun isə o qədər xoşagəlməz fəsadları və ziyanları var ki, saymaqla qurtaran deyil. Tanrı Azərbaycanımızı diletant və naşı "hərşeyşünaslardan" qorusun. Belə gedişlə, bunlar hələ çox "zibilllər" qaynadacaqlar. Üzeyir Cəfərov, Tanınmış hərbi ekspert