"Ölkəmiz demokratik seçkilər keçirmək kimi zəngin təcrübəyə malikdir" AÇIQLAMA

“Bu gün Azərbaycanda bütün sahələrdə sabitlik təmin olunub. Hazırda bütün dünya Azərbaycanın sürətli inkişafından xəbərdardır. Çünki ölkəmiz hər il bir neçə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və dünya miqyaslı layihələrə imza atır”. Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, aprelin 11-də keçiriləcək Prezident seçkilərini Azərbaycan demokratik və şəffaf şəkildə keçirəcək: “Beynəlxalq təşkilatlar Azərbaycanda olan seçkiləri hər zaman müşahidə edir və yüksək qiymətləndirirlər. Ölkəmiz seçkilərin uğurla demokratik şəraitdə keçirilməsi istiqamətində zəngin təcrübəyə malikdir. Azərbaycanda seçki prosesinin təşkilində demokratikliyi və şəffaflığı təmin etmək üçün informasiya texnologiyalarının ən son yeniliklərindən istifadə olunur. Beynəlxalq təşkilatlar hər zaman ölkəmizdəki seçkiləri müşahidə etməkdə maraqlıdırlar. Çünki Azərbaycan regionda seçilən, ən güclü, inkişaf edən, bütün məsələlərdə öz müstəqil mövqeyini ortaya qoyan aparıcı dövlətdir. Həmişə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərinə də maraq olduqca böyük olacaq. Hər bir siyasi partiya və qruplara öz namizədərini irəli sürmək və tanıtmaq imkanı yaradılır. Xalqımız dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətindən razıdır. Əminəm ki, vətəndaşlarımız 11 aprel Prezident seçkilərində fəal iştirak edəcək və ölkəmizin hərtərəfli inkişafının davam etdirilməsi naminə səs verəcəklər”.