Kənddə biznes qurmağa başlayan qadınların uğur hekayəsi - FOTO

Kiçik biznesə dəstək Azərbaycanın kənd yerlərində yaşayan qadınlara həyatlarını dəyişməyə və icmalarını yenidən qurmağa yardım edir. Milli.Az xəbər verir ki, iki uşaq anası olan 47 yaşlı Rəşadə Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda yaşayan olduqca bacarıqlı dərzidir. Çoxillik iş təcrübəsinə baxmayaraq, o, əlinin zəhməti ilə dolanmaq üçün daima gərgin işləməyə məcbur olub. Masallıda onun tikdiyi keyfiyyətli yorğan, döşək, yataq dəsti və gəlinlik ləvazimatlarına yüksək tələbat var. Lakin, bu tələbatı ödəmək üçün həddən artıq gərgin əmək, qətiyyət və bacarıq tələb olunur. "Bir balaca otaqda dörd nəfər qalırıq. Tikiş maşınım üçün kifayət qədər yer yoxdur, hələ parçalardan danışmıram," - deyə zəhmətkeş xanım bildirir... Lazımi iş şəraitinin olmaması səbəbindən gələcəkdə biznesini inkişaf etdirəcəyinə ümidi belə yox idi. Sahibkarlığın inkişafı üçün imkanın və şəraitinin olmaması nəticəsində bacarıqların hədər getməsi halı, xüsusilə də, Azərbaycanın kənd yerlərində və konkret olaraq, ailələrini dolandıran qadınlar arasında olduqca yayılmış bir haldır. Masallıda qadınların malik olduqları və yüksək tələbatın olduğu bacarıqlarından istifadə etmək imkanlarının olmaması məsələsinin həlli yollarını Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən maliyyələşdirilən və qadınlara öz biznes müəssisələrini yaratmaq üçün lazımi biznes bacarıqlarını əldə etmələrinə kömək etmək məqsədini güdən layihə tapıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaş olduğu və BMTİP tərəfindən həyata keçirilən bu layihə çərçivəsində biznes ideyalarının necə reallaşdırılması və mövcud kommersiya fəaliyyətlərinin necə genişləndirilməsinə həsr olunmuş təlim seminarları keçirir. "Sizin yaxşı biznes ideyanız varsa, layihə sizi avadanlıq, mal-qara və ya quşçuluq kimi qeyri-maliyyə yardımı ilə təmin edəcək və ya iş sahələrinin bərpasında köməklik göstərəcək,"- Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsinin rəhbəri Gülarə Hümbətova söyləyir. "Biz ödənişsiz biznes təlimi, həyat üçün zəruri olan bacarıqlar üzrə təlim və kompüter məşğələləri keçiririk," - deyə o, qeyd edir. Layihə qadınların ictimai həyatda fəal iştirakına dəstək olmaqla qadın sahibkarlığını təşviq edir. Sabirabad, Neftçala, Salyan və Masallı rayonlarında yaradılmış beş Qadın Resurs Mərkəzi internetə pulsuz çıxışı, kompüterləşdirilmiş laboratoriya və kitabxanaları təmin etməklə  kənd ərazilərində yaşayan qadınlar üçün şəbəkələrin yaradılması və genişləndirilməsinə yardım edir. Rəşadə bu təlim imkanı barədə ilk dəfə köhnə dostundan eşitmişdi. Dostu ona zəng edərək Masallıda yenicə açılmış Qadın Resurs Mərkəzində haqqında öyrəndiri layihə barədə ona məlumat vermişdi. "Sabahısı gün oraya getdim. Ora iyirmi qadın toplaşmışdı və bizim hamımız təqdimatı diqqətlə dinləyirdik, lakin təqdimat bitdikdən sonra bizdən ideyalarımızı söyləməyimiz xahiş olunanda, hamımız susduq. Sonra özü-özlüyümdə fikirləşdim ki, heç nə itirmirəm və əlimi qaldırıb ideyamı onlara söylədim,"- deyə Rəşadə xatırlayır. Onun ideyası iş yerinin olmaması problemini həll etməklə öz dərzilik biznesinə yenidən başlamasından və bu biznesi genişləndirməkdən ibarət idi. Layihə tərəfindən aparılan təlim və köməklik sayəsində o, evinin həyətində baxımsız qalan köhnə tövləni emalatxanaya çevirə biləcəyi təklifini etdi: "Bu o qədər sadə görünürdü ki, mən heç vaxt bunun "biznes plan" olduğunu ağlıma belə gətirmirdim. Lakin onlar mənim bu ideyamı ciddi qarşıladılar və mən təlim keçməyə başladım". Rəşadə və onunla təlimdə iştirak edən digər qadınlar məşğələlərin təkcə maraqlı və faydalı deyil, həm də yeni dostluq əlaqələrinin yaradılması üçün böyük imkanlar yaratdığının şahidi oldular. Rəşadə layihə sayəsində Gülər və Leyla kimi yeni dostlar qazandı. Gülərin bizneslə bağlı ideyası öz kəndində kompüter kurslarının, eləcə də kollecə daxil olmağa hazırlaşan məktəb şagirdləri və yeniyetmələr üçün kursların açılmasından ibarət idi. Leyla isə kiçik südçülük təsərrüfatının yaradılmasını təklif edirdi və o, bu biznesin necə həyata keçirilməsi yollarını öyrənmək istəyirdi. Rəşadə, Gülər və Leyla digər layihə iştirakçıları ilə birlikdə biznes planını necə işləyib hazırlamağı, bazarda mövcud olan tələb və təklifi təhlil etməyi, istehsalın təşkilini, müştərilərlə və işçilərlə əlaqələr qurmağın yollarını öyrəndilər. Təlimi tamamladıqdan sonra, bu üç iştirakçı bacarıqlarını və yeni biznes bilgilərini uğurla tətbiq etməyə  başladılar. Layihə Rəşadəyə emalatxana tikməyə  və biznesini genişləndirməyə kömək etdi. Yığdığı pulla o, emalatxananın divarlarının tikintisinə başlaya və beləliklə də, payız və qış aylarında biznesini davam etdirə bildi. Onun bu səyindən və layihənin yerli qadın sahibkarlığına olan müsbət təsirindən ruhlanan Masallının yerli hakimiyyəti də divarların üzlənməsi üçün ona vəsait ayırdı. Gülər yeni kompüter, printer və ofis mebelləri aldı və əldə etdiyi bacarıqlar potensial müştərilərin müəyyənləşdirilməsində və tutarlı büdcə təklifinin hazırlanmasında ona  yardımçı oldu. Dolanmaq üçün təhsil kurslarının açılması ilə yanaşı, Gülər kənd məktəbində məktəblilər və müəllimlər üçün pulsuz dərslər də keçir. Layihə Leylaya inək almaqda, məsləhət əldə etmək və mentorluq üçün digər südçülük təsərrüfatları ilə əlaqə yaratmaqda kömək etdi. Əldə etdiyi bu uğur onun bir çox dost və qohumlarını ruhlandırdı və bu, onların  südçülük və quşçuluq təsərrüfatından biznes  yaratmaq üçün təlim keçmək barədə düşünmələrinə gətirib çıxardı. Qeyd edək ki, 2017-ci ilin sonunadək layihənin köməkliyi ilə Azərbaycanın beş rayonunda qadınların rəhbərlik etdikləri müəssisələrin sayı 80-nə çatıb, Masallı Qadın Resurs Mərkəzinin üzvlərinin sayı isə 12 nəfərdən artıq 253 nəfərə yüksəlib. Zərif Nisə Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ