Röya Ayxan general oğlunu 9 yaşından tanıyırmış

Röya Ayxan general oğlunu 9 yaşından tanıyırmış Müğənni general oğlu ilə sevgili olduğunu təkzib edib Məlum olduğu kimi, bu gün mətbuatda müğənni Röya Ayxanın general Rövşən Əkbərovun oğlu ilə sevgili olduğu haqda məlumat yayılıb. Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı müğənninin köməkçisi və mətbuat katibi ilə əlaqə saxlasa da, yayılan xəbərlərə aydınlıq gətirilməyib. Lakin sonradan ifaçının mətbuat katibi Primetime.az saytına açıqlamasında  xəbəri təkzib edib. Bildirilib ki, adıçəkilən general oğlu Telmanla ifaçı arasında illərə söykənən dostluq münasibəti var: “Telman hələ 9 yaşında olarkən Röya xanım onu tanıyırdı. O, əməkdar artistin uşaqlıqdan pərəstişkarları sırasındadır. Telman müğənninin bütün komandası ilə yaxından dostdur və demək olar ki, hər gün bizim yanımızdadır”. Müğənninin də məsələyə münasibəti çox gecikməyib. O, şəxsi İnstagram hesabında xəbəri paylaşıb və “Çox güldüm” şərhini əlavə edib. Mətbuat katibi bu məsələyə də toxunub: “Röya xanım ona görə gülür ki, Telmanla arasında 12 yaş fərq var. İfaçı onun elçilik mərasimində belə iştirak edib və onlar ailəlikcə dostdular. Yəni, xəbər kökündən yalandır. Onların münasibətinin nə yerdə olduğunu bilən hər kəs sevgili  iddiasına məhz gülümsəyir. Hörmətli media nümayəndələrinə və Röyasevərlərə səslənirik ki, əsassız xəbərlərə inanmasınlar”. Qeyd edək ki, “Qafaqazinfo”nun yaydığı məlumata görə, 35 yaşlı müğənni Röya Ayxan 28 yaşlı general oğlu Telman Əkbərovun oğlu ilə sevgilidir. Məlumatda o da bildirilir ki, hətta sənətçi onunla çəkdirdiyi bir neçə şəkli “İnstaqram” səhifəsində paylaşıb və izlədiyi 60 nəfərin arasında Telman da var. Röya, eyni zamanda general-leytenant R.Əkbərovla fotosunu da instaqram izləyiciləri ilə bölüşüb. Cütlük tez-tez məclislərə birgə qatılsa da, jurnalistlər onları bir neçə gün əvvəl premyerası keçirilən “Ağ tük” filminin qala gecəsində görüblər. Sevgililər tədbirə bir gəlsələr də, media nümayəndlərindən ehtiyat edərək dostları ilə ayrı-ayrı foto çəkdiriblər. Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov Qarabağ müharibəsinin iştirakçısı kimi məşhur 777 saylı hərbi hissənin komandiri olub, daha sonra Müdafiə Nazirliyində Kadrlar və Hərbi Təhsil idarəsinin rəis müavini vəzifələrində xidmət keçib. O, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Akademiyasını da bitirib. Yarandığı gündən Bakı hərbi birləşməsinin komandiri olub. Azərbaycanın Milli Qəhrəmanıdır. General Rövşən Əkbərovun adı eyni zamanda bir neçə dəfə yerli mətbuatda müdafiə naziri postuna ən real namizədlərdən biri kimi çəkilib. Xalidə Gəray, Musavat.com