Qadınların uğuru hər kəsin uğurudur - BMT-nin Baş katibi

Milli.Az BMT-nin Baş katibi Antonio Quterreş in "2018-ci il Beynəlxalq Qadınlar Günü: Qadınların uğuru hər kəsin uğurudur" adlı müəllif yazısını təqdim edir: Qadın hüquqlarının müdafiəsi sahəsində dönüş nöqtəsinə çatmışıq. Qadınlara qarşı zülmün və ayrı-seçkiliyin artmasına yol açan tarixi və struktur bərabərsizliklər hər zamankından daha çox ifşa edilir. Latın Amerikasından tutmuş Avropaya və Asiyaya qədər hər yerdə, sosial şəbəkələrdə, çəkiliş meydançalarında, zavod sexlərində və küçələrdə qadınlar davamlı dəyişikliklər tələb edir, cinsi zorakılıq, qısnama və ayrı-seçkiliyin bütün növlərinə qarşı sıfır tolerantlıq nümayiş etdirməyə çağırırlar. Gender bərabərliyinin əldə olunması, qız və qadınların səlahiyyətləndirilməsi dövrümüzün hələ başa çatdırılmamış vəzifəsidir və bu gün dünyada insan hüquqları sahəsində ən böyük problemdir. Qadın nəsillərinin ictimai aktivliyi və təşviqat yönümlü səyləri öz nəticəsini verməkdədir. Bu gün məktəblərdə qızların sayı bütün tarix boyu ən yüksək səviyyəyə çatıb. Ödənişli işlərdə çalışan, özəl sektorda, elm və təhsil sahəsində, siyasət sahəsində, eləcə də beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəhbər vəzifələr tutan qadınların sayı artıb. Gender bərabərliyi saysız-hesabsız qanunlarda öz əksini tapır. Qadın cinsi orqanlarının zədələnməsi və uşaq nikahları kimi zərərli təcrübələr bir çox ölkələrdə qadağan edilib. Lakin biz ayrı-seçkilik və istismarın özülündə dayanan, qadın və kişilər arasında tarixən formalaşmış güc bərabərsizliyinin  aradan qaldırılmasından danışırıqsa, bu sahədə ciddi problemlər qalır. Dünyada bir milyarddan artıq qadın məişət zəminində cinsi zorakılığa qarşı hüquqi müdafiədən məhrumdur. Dünyada əməyin ödənilməsində cinslərarası fərq 23 faiz təşkil edir. Bu göstərici kənd yerlərində 40 faizə çatır. Bir çox qadınların gördüyü ödənişsiz işlər isə dəyərləndirilmir. Milli parlamentlərdə yerlərin dörddə birindən də azı qadınların payına düşür. İdarə heyətlərində təmsil olunan qadınların xüsusi çəkisi isə daha da azdır. Razılaşdırılmış fəaliyyətlər olmadan, qarşıdakı onillik ərzində də daha bir neçə milyon qız cinsi orqanların zədələnməsi əməliyyatına məruz qalacaq. Qanunların mövcud olduğu yerlərdə isə, çox zaman bu qanunlara məhəl qoyulmur, hüquqi vasitələrə əl atan qadınlara etibar edilmir, onların özü ləkələnir və ciddi qəbul edilmir. Bizə məlumdur ki, hətta gender bərabərliyi sahəsində əldə etdiyi nailiyyətlərlə öyünən ölkələrdə belə, iş yerlərində, ictimai məkanlarda və şəxsi evlərdə seksual qısnama və sui-istifadə halları artmaqdadır. BMT bütün dünya nümunə olmalıdır. Etiraf edirəm ki, bu, heç də həmişə mümkün olmayıb. Ötən il mən vəzifəmin icrasına başlayandan bəri, BMT-nin qərargahında, sülhməramlı missiyalarımızda və dünyadakı bütün nümayəndəliklərimizdə köklü dəyişikliklərə start vermişəm. Hazırda rəhbərlik etdiyim idarəetmə heyətində ilk dəfə gender paritetinə nail olmuşuq və mən buna təşkilatın bütün strukturlarında nail olmaq qətiyyətindəyəm. Mən seksual qısnamaya qarşı sıfır tolerantlığı dəstəkləyirəm və hesabatlılığı və məsuliyyətliliyi yaxşılaşdırmaq üçün planlar işləyib hazırlamışam. Dünyanın hər yerində fəaliyyət göstərən sülhməramlı missiyalar heyəti tərəfindən seksual qısnama və sui-istifadə hallarının qarşısını almaq və aradan qaldırmaq, eləcə də zərərçəkmiş şəxsləri dəstəkləmək üçün ölkələrlə yaxından əməkdaşlıq edirik. Birləşmiş Millətlər Təşkilatı dünyanın hər yerində üzləşdikləri ədalətsizliklərə qarşı mübarizə aparan bütün qadınların yanındadır. Buraya istər əməyin ödənilməsi sahəsində ayrı-seçkiliklə mübarizə aparan kəndli qadınlar, dəyişiklikləri təşviq edən şəhərli qadınlar, istismar və təhrik riski ilə üzləşən qaçqın qadınlar, istərsə də ayrı-seçkiliyin müxtəlif formalarından əziyyət çəkən dul, aborigen xalqlardan olan, əlilliyi olan, eləcə də gender normalarına boyun əyməyən qadınlar daxildir. Qadınların səlahiyyətləndirilməsi "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in diqqət mərkəzindədir. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında irəliləyiş dünyanın hər yerində yaşayan qadınların xeyrinədir. Avropa İttifaqı ilə birgə başladığımız "Diqqət mərkəzi" (Spotlight) təşəbbüsü çərçivəsində resurslar gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi istiqamətində ilkin şərt kimi, qız və qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün səfərbər ediləcək. İcazə verin, daha açıq ifadə edim: bunu etməklə, biz qadınlara qarşı lütf etmirik. Gender bərabərliyi yalnız insan haqları məsələsi deyil, həm də hamımızın - kişilərin və oğlanların, qadınların və qızların xeyrinədir. Gender bərabərsizliyi və ayrı-seçkilik isə bizim hamımız üçün zərərlidir. Qadınlara yönələn investisiyanın icmaların həyatının yaxşılaşması, şirkətlərin və hətta ölkələrin inkişafı üçün ən effektli üsul olduğuna dair kifayət qədər faktlar mövcuddur. Qadınların iştirakı sülh sazişlərinin daha möhkəm, cəmiyyətlərin daha davamlı, iqtisadiyyatların daha dinamik olmasına imkan verir. Qadınların ayrı-seçkiliyə məruz qaldığı yerlərdə biz hamımız üçün zərərli olan təcrübələr və düşüncələrlə tez-tez rastlaşırıq. Atalıq məzuniyyəti, məişət zorakılığına qarşı mübarizə  və əməyin ödənişində bərabərliyə dair qanunlar hamımız üçün faydalıdır. Qadın hüquqlarının müdafiəsi tarixinin bu həlledici məqamında kişilərin qadınların yanında olması, onlara qulaq asması və onlardan öyrənməsi vaxtıdır. Qadınların öz imkanlarından tam istifadə edərək, yaşadığımız mühiti, cəmiyyəti və iqtisadi şəraiti yaxşılaşdıra bilməsi üçün şəffaflıq və hesabatlılıq vacib şərtdir. Mən bu hərəkatda iştirak etməkdən qürur hissi duyur və ümid edirəm ki, bu hərəkat BMT daxilində və bütün dünyada genişlənməyə davam edəcək! Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ