Politoloq: "Sanksiyalar Ermənistanda narahatlıq yaradıb”

"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanda narahatlıq yaradıb". Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Mərkəz sədrinin sözlərinə görə, bu narahatlıq 3 aspektdən diqqəti çəkir: "I. RF-də fəaliyyət göstərən "Taşir" kompaniyası Ermənistan ərazisində ABŞ şirkətləri ilə birlikdə reallaşdırdığı layihələrin taleyi sual işarəsi altındadır. Çünki bu qrupun başçısı S.Karapetyanın adı RF-in sanksiya siyahısına daxil edilib. Ola bilər buna görə də "Taşir" qrupu ABŞ-ın xoşuna gəlmək üçün nümayişi Moskvada qadağan olunan "Stalinin ölümü" filmini Yerevanda nümayiş etdirir. II. Rusiyanın hərbi-siyasi kompleksinə qoyulmuş sanksiyalar Ermənistan üçün ciddi problemlər yarada bilər; Ermənistan yalnız RF-dən ucuz və kredit vasitəsilə silah ala bilər. Dünyanın başqa dövlətindən silah almağa Ermənistanın pulu yoxdur. Əgər Ermənistan RF-dən silah alacaqsa bu onu ABŞ-ın qəzəbi ilə rastlaşdıra bilər. III. Ermənistanın RF-lə hərbi əlaqələrinin digər bağlı sahəsi də görünür, ABŞ-ın diqqət dairəsinə daxil olub. Söhbət Ermənistandakı RF-in hərbi bazasının Ermənistanın dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsidir. Bu ABŞ tərəfdən baxdıqda çox geniş spektrli və geniş şaxəli məsələdir. Söhbət 50-60 milyon dolların Rusiyaya verilməsindən getmir. Məsələnin mahiyyəti qat-qat böyükdür. RF-in hərbi bazasının Ermənistanda mövcud olma şərtləri dəyişməyincə, Ermənistan Türkiyəyə və Dağlıq Qarabağ məsələsinə mövqeyini dəyişməyəcəkdir. Ermənistan Türkiyə və Azərbaycan təhlükəsi adı ilə öz büdcəsinin hesabına RF-in hərbi bazasını saxlayır. Ehtimal ki, ABŞ səfirinin parlamentdə və eləcə də hökumət üzvləri ilə keçirdiyi qapalı dinləmələrin əsas mövzusu budur. Erməni mənşəli rusiyalı milyarder, "Ameriabank"ın sahibi R.Vardanyanın bütün şirkətləri RF-in dövlət sifarişi alan təşkilatlarının sırasından çıxarıldı. Bu Kremlin R.Vardanyana siyasi mesajı kimi başa düşülə bilər. R.Vardanyan bu yaxınlarda həbsxanada ölmüş Qarabağ mənşəli, mesenat "İzvestiya" holdinqinin sahibi L.Ayrapetyanın yolunu gedir. Ermənistan Rusiya pulunun ABŞ-a yönləndirilməsi kanalına çevrilib. 2017-ci ildə bu kanalla 196 milyon dollar RF pulu ABŞ-a köçürülüb". Sia.az Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.