Şeyxülislam: İşğaldan azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi

Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi. Oxu.Az -ın Trend -ə istinadən məlumatına görə, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib. “Allah bizə zəfər bəxş etsin! Arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpağında azan səsi gəlsin. Sevinirik ki, bu gün Azərbaycanda birlik və vəhdət var. Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir”, - A.Paşazadə qeyd edib. “Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi 2 mindən artıq məscid fəaliyyət göstərir. Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq”, - şeyxülislam bildirib. A.Paşazadə qeyd edib ki, bəzi dövlətlər Azərbaycanın daxili işinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər: “İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb” . QMi sədri bildirib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda Azərbaycan Prezidentinin sərəncamı ilə dini icmalara maliyyə yardımı göstərildi. Ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir”. S.B.