Rusiya XİN Türkiyə-Ermənistan protokollarının ləğvi haqda

"Bizim Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokola münasibətimiz aktual olaraq qalır". APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan prezidenti tərəfindən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolun ləğvi ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, Rusiya bu razılığa daha əvvəl də münasibətini bildirib, hətta Sürixdə protokolların imzalanması mərasimində Rusiya nümayəndə heyəti də iştirak edib: “Biz əlaqələrinin normallaşmasını vacib hesab edirik. Bu, hər iki ölkənin maraqları naminədir. Biz öz tərəfimizdən bu məqsədə nail olunması üçün əlimizdən gələni etmişik”. Virtualaz.org xatırladır ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri arasında İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”u imzalanmışsı. Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tuturdu. “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na gəlincə, bu sənəd qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalı idi. Türkiyə parlamenti protokolu ratifikasiya etmədi. Şərt qoyuldu ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Ermənistan prezidenti 2010-cu ilin aprelin 22-də protokolların ratifikasiyası prosesinin dayandırlması barədə fərman imzalamışdı. Nəticədə sənədlərin ratifikasiyası dondurulmuşdu.