Rusiyada seçkiqabağı vəziyyət - 22 gündə iki təyyarə, bir helikopter qəzası, 118 itki - ŞƏRH

Bakı. 7 mart. REPORT.AZ/ Son 24 il ərzində baş vermiş üç hadisə təyyarə qəzaları ilə bağlı məsələyə yenidən müraciət etməyimizə səbəb olub. 1994-cü il martın 17-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin hava məkanında İran Mülki Aviasiyasına məxsus “S-130 Herkules” tipli təyyarə vurulmuşdu. Bu terror aktı nəticəsində 9-u uşaq olmaqla 32 nəfər həyatını itirmişdi. Onlar Moskvada diplomatik fəaliyyət göstərən İran vətəndaşları və ailə üzvləri idi. Terror qurbanları Novruz bayramı münasibətilə vətənə gedirlərmiş. İndiyədək bu terror aktına görə Ermənistan tərəfindən heç kim məsuliyyətə cəlb edilməyib. Əslində, İran tərəfi də cinayətin açılmasında maraqlı görünmür. Digər səbəb isə martın 6-sı və 7-də Rusiyaya məxsus təyyarə və helikopterin qəzaya uğramasıdır. Martın 6-da Rusiyanın "An-26" hərbi nəqliyyat təyyarəsi Suriyanın Hmeymim aviabazasına eniş edən zaman qəzaya uğrayıb, nəticədə 39 nəfər ölüb. Onlardan 32-si hərbçi, o cümlədən biri general-mayordur. Qəzanın səbəbi hələlik bilinmir. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, təyyarə vurulmayıb, qəzaya texniki nasazlıq səbəb olub. Martın 7-də isə Çeçenistanda "Mi-8" helikopteri qəzaya uğrayıb. Helikopterin göyərtəsində 9 nəfər olub. İlkin məlumata görə, azı 5 nəfər ölüb. Helikopterin Rusiya Sərhəd Xidmətinə aid olduğu güman edilir. Təbii ki, təyyarə qəzaları da başqa hadisələr kimi, dövlətin təhlükəsizliyinin təmin edilməsində ciddi problemlər yarada bilər. 2017-ci il və 2018-ci ilin ilk iki ayında müxtəlif səbəblərdən qəzaya uğramış Rusiyaya aid hərbi təyyarə və helikopterlərlə bağlı qısa məlumata diqqət yetirək. Bu il fevralın 11-də Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsi Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 71 nəfər ölüb. Onlardan biri Azərbaycan əsilli olub. Ötən ilin aprelində Rusiya Şimal Donanması Hərbi Dəniz Qüvvələrinə aid “MiQ-29K” qırıcı təyyarəsi Murmansk vilayətində qəzaya uğrayıb. 2017-ci il aprelin 26-da Rusiyanın Sakit Okean donanmasına məxsus “MiQ-31” qırıcı təyyarəsi Buryatiya Respublikasının Telemba və Yeravnin rayonunda yerə düşüb. Ötən il mayın 30-da Saratov vilayətinin Balaşov şəhərində “An-26” hərbi nəqliyyat təyyarəsinin sərt enişi qəzaya səbəb olub və nəticədə göyərtədəki bir hərbi kursant ölüb. 2017-ci il sentyabrın 12-də Rusiya Kosmik Hava Qüvvələrinə məxsus “Tu-22m3” səsdən sürətli bombardmançı, ötən il sentyabrın 16-da Voronej vilayətində “Yak-130” hərbi-təlim təyyarəsi qəzaya uğrayıb. 2017-ci il oktyabrın 10-da Suriyanın Latakiya əyalətinin Hmeymim aviabazasında Rusiya Kosmik Hava Qüvvələrinə məxsus “Su-24M” bombardmançısının uçuş-enmə zolağından çıxması nəticəsində pilot və şturman ölüb. Ötən il dekabrın 31-də də Rusiya Kosmik Hava Qüvvələrinə məxsus “Mi-24” döyüş helikopterinin Suriyanın Hama aerodromundan 15 km aralıda qəzaya uğraması nəticəsində hər iki pilot həyatını itirib. 2017-ci il noyabrın 28-də isə Rusiya Kosmik Hava Qüvvələrinə məxsus raket-daşıyıcısı “Soyuz-2.1 b” 19 peyk, o cümlədən 3 tonluq “Meteor-M” hirdrometeoroloji aparatla birlikdə qəzaya uğramışdı. Onun Antraktidada okean ərazisinə düşdüyü ehtimal edilir. Heç şübhəsiz, bütün bunlar baş vermiş qəzaların hamısını əhatə etmir. Ən azı bura mülki təyyarələr barədə məlumat, demək olar ki, daxil edilməyib. Qonşu İranda da vəziyyət ürəkaçan deyil. 1990-cı ildən 2014-cü ilədək bu ölkədə baş vermiş 200 təyyarə qəzası nəticəsində 2 mindən çox insan ölüb. Sonuncu hadisədə, yəni 2018-ci il fevralın 20-də "ATR-72" təyyarəsinin qəzaya uğrması nəticəsində 66 nəfər ölüb. Yeri gəlmişkən, ABŞ yürütdüyü xarici və daxili siyasət, eləcə də atom-nüvə proqramına görə İrana 1995-ci ildən bəri sanksiya tətbiq edib. Bu sanksiya qüvvədə qaldığından İranın Mülki Aviasiyası sərnişin təyyarələri üçün ehtiyat hissələri və yeni mülki təyyarələr ala bilmir. İran 2016-cı ildə əldə edilən razılıqdan sonra Fransa və başqa dövlətlər bu istiqamətdə müqavilələr imzalayıblar. İrana 1979-cu ildən tətbiq edilən iqtisadi sanksiyalar ləğv olunacağı təqdirdə İslam Respublikasi Qərb şirkətlərindən 400 yeni sərnişin təyyarəsi almaq niyyətindədir. İran Mülki Aviasiya Xidməti ildə 40 təyyarə olmaqla yaxın on ildə aviasiya parkını 400 yeni təyyarə almaq niyyətində olduğunu, “Boeing” və “Airbus” şirkətləri ilə bir neçə milyard dollarlıq müqavilələrin imzalanmasını müzakirə etdiyini də bildirib. İrandakı təyyarə qəzalarının başvermə səbəbi sanksiyalarla əlaqələndirilə bilər. Düzdür, qadağaların tətbiqi, onun yaratdığı problemlərin həll edilməməsi də hakimiyyətin gücsüzlüyünün göstəricisidir və cəmiyyətdə etirazla qarşılanar. Bununla belə, təbliğat üçün sanksiyalardan yaralana bilərlər. Təyyarə qəzalarının baş verməməsinin səbəbini öyrənmək üçün, ilk növbədə, narıncı rəngli “qara qutuya” müraciət edirlər. Ancaq bir çox hallarda qutudakılar barədə ictimaiyyət məlumatlandırılmır. Bundan başqa, qəzaların baş verməsinə səbəb kimi əlverişsiz hava şəraiti, texniki nasazlıq göstərilir. Qəzaların terror hücumu, yaxud silahlı münaqişə bölgələrində vurulduğunu isə daha çox gizlətməyə üstünlük verilir. Niyə təyyarə qəzaları ilə bağlı həqiqətlər gizlədilir? Bu zaman daha çox biznes marağı önə çəkilir. Çünki sərnişinlər təyyarələrin qəzaya uğramasının başvermə səbəbini bildikdə sözügedən nəqliyyat vasitəsinə inam azala bilər. Qəzaların terror aktı nəticəsində baş verdiyi açıqlanarsa, o zaman ölkədə xaos yarana bilər. Xaos istənilən dövlət üçün ən təhlükəli silahdır və bu silah da ölkəni məhv edə bilər. Onun vasitəsilə cəmiyyətin quruluşu belə dəyişdirilir. Odur ki, dövləti idarə edən istənilən hakimiyyət xaosdan çox ehtiyatlanır. Bu baxımdan, baş verən bir sıra qəzaların, o cümlədən aviasiya hadisələrinin səbəbləri açıqlanmır. Məsələn, Suriyada döyüş əməliyyatlarında ölən rusiyalı hərbçilərlə bağlı obyektiv məlumatlar yayılarsa, bu zaman vəziyyətin fərqli olacağı istisna edilmir. Çünki adi rusiyalı üçün Suriyada havada, yaxud quruda ölmək lazım deyil. Axı, ölkə əhalisinin çoxu keçmiş sovet vətəndaşlarıdır. Onlar ötən illərdə sovet ordusunun Əfqanıstan, Vyetnam, Anqola, Mozambik, Kuba, Kamboca, Koreya və başqa ölkələrdə hərbi əməliyyatlarda iştirakından xəbərdardırlar. Rusiyalı keçmiş sovet vətəndaşları həmin hərbi əməliyyatların mənasız və əhəmiyyətsiz olduğunu unutmayıblar. Martın 6-da Rusiyanın 39 hərbçisi təyyarə qəzasında öldü. Hadisənin terror hücumu olması təsdiqlənərsə, ölkə ictimaiyyətində, heç şübhəsiz, ciddi narazılığa səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, hadisə Rusiya hərbi bazasının yaxınlığında baş verib. Bu həm də Rusiyanın hərbi bazasının təhlükəsizliyinin təhdid olunması deməkdir. Nəticə etibarilə hakimiyyət etibardan düşər, ona etimad azalar. Son 6 ayda Rusiya Silahlı Qüvvələrinin Suriyada iki generalı - Valeri Asapov və Vladimir Yeremeyev ölüb. Bundan başqa, ondan çox rusiyalı zabit hərbi əməliyyatlar nəticəsində həyatını itirib. General-mayor Vladimir Yeremeyev isə martın 6-da baş verən qəzanın qurbanıdır. Bu şəxs 1990-cı il yanvarın 20-da Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsinin tərkibində Bakıda törədilən qırğının iştirakçılarından olub. Martın 18-də Rusiyada prezident seçkisi keçiriləcək. Fevralın 11-də 71 mülki şəxsin, martın 6-da 39 hərbçinin təyyarə, martın 7-də isə 5 nəfərin helikopter qəzasında ölməsi adi hadisə sayılmamlıdır. 22 gündə 118 nəfərin təyyarə və helikopter qəzasında ölməsi texniki nasazlıq və ya hava şəraiti ilə bağlı qəzanın nəticəsi ola bilərmi? Hər halda bunu Rusiyada keçiriləck prezident seçkisinə təsir vasitəsi kimi də qəbul etmək olar. Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək