Yayda STAR zavodunda sınaq işlərinə başlanılacaq

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR ) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunda bu ilin yay aylarında sınaq-sazlama işləri həyata keçiriləcək. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə "STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter bildirib. “İyul ayından etibarən qurğularda sınaq işlərinə başlanılacaq. Sınaq işləri tamamlandıqdan sonra ilin III rübündə zavod istismara veriləcək. Zavodda istehsal olunacaq ilk məhsulun bu ilin sentyabr ayının son həftəsində tankerlərə yüklənməsi gözlənilir. İyun ayında ilk xam neft tankeri STAR-ın limanında olacaq”,- baş direktor söyləyib. M.İlter qeyd edib ki, hazırda inşaat işlərinin 97,9%-i tamamlanıb. Onun sözlərinə görə, layihə üzrə ümumilikdə işlərin 98,7%-i icra olunub. “Təxminən 16 min nəfərin çalışdığı zavodun inşasında ümumilikdə 100 mln. adam/saat iş görülüb. Qarşıdakı aylarda 15 mln. adam/saat iş həcminin icra olunması gözlənilir. Hədəfimiz STAR zavodunu vaxtında və təhlükəsiz şəkildə tamamlamaqdır”,- o deyib. M.İlter qeyd edib ki, qarşıdakı bir neçə həftə ərzində buxar qazanları istifadəyə veriləcək: “STAR zavoduna ilk elektrik enerjisi 2017-ci ilin avqust ayında verilib və artıq ərazidə bütün sistemlərə enerjinin verilməsi təmin edilir. Buxar xətlərində də təmizlik işlərinə başlanılıb. Qarşıdakı bir neçə həftə ərzində ilk yanacaq qazı ilə çalışan qazanlar istismara verilməyə başlanılacaq”. Qeyd edək ki, "STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.