Azərbaycanda 1214 nəfər bu xəstəlikdən əziyyət çəkir

"2013-2017-ci illər ərzində Azərbaycanda 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub". Milli.Az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib. Onun sözlərinə görə, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 5 il ərzində xəstələrin aktiv müayinəsi və aşkarlanması, dağınıq skleroz xəstəliyi olan insanlarda əlilliyin qarşısının alınması, onların dövlət tərəfindən dərmanlarla təchiz olunması nəzərdə tutulur. Bakıda bir neçə mərkəzin lazımi avadanlıqlarla təmin olunması planlaşdırılır: "2013-2017-ci illər ərzində proqram çərçivəsində 1400-ə qədər xəstə müayinə olunub. Onlardan 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və həmin xəstələr müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə Avonex preparatı, 200-ə qədər xəstəyə Mitoksantron preparatı təyin edilib. Ümumilikdə dağınıq sklerozdan daha çox 20-40 yaş arası qadınlar əziyyət çəkir". R.Əliyev əlavə edib ki, xəstəliyin yaranma səbəbləri dərindən öyrənilməsə də, bununla bağlı bir sıra nəzəriyyələr səslənir: "Xəstəliyin daha çox yayıldığı çoğrafi enliklər var. Ekvatordan uzaqlaşdıqca bu xəstəliyə daha çox rast gəlinir. Bunun səbəbi günəşdir. Saatların sayının az olması ilə izah oluna bilər". R.Əliyev bildirib ki, xəstəlikdən ölüm halları nadir hallarda baş verir. Bu xəstəlik adətən əlilliyə səbəb olur. Mütəxəssisin sözlərinə görə, Azərbaycanda dağınıq skleroz xəstəliyinə daha çox Bakı şəhərində rast gəlinir. Daha sonra Quba-Xaçmaz, Balakən-Şəki zonası gəlir: "Xəstəliyin yaranma əlamətləri rəngarəngdir. Ona görə də konkret səbəb bəlli deyil. Xəstələr daha çox görmə pozğunluğu, müvazinətin pozulması, hissiyyat pozulması ilə bağlı müraciət edirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə olunduğundan müqayisə etmək üçün dəqiq diaqnoz qoymaq lazımdır. Dağınıq sklerozun genetik meyilliliyi tam müəyyən olunmayıb. Lakin bir-iki ailədə birinci nəsil qohumlarda bu xəstəliyə rast gəlinib". Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ