Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

Gürcüstanın Kvemo kartli-Borçalı bölgəsinin Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anma mərasimi keçirilmişdir.

Tədbiri universitetin rektoru, professor Novruz Bayramov açmışdır.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Pedaqoji elmlər doktoru, professor Fərhad Xubanlı qanlı-qadalı Bakı faciəsindən 23 il keçməsinə baxmayaraq şəhidlərin xatirəsinin qan yaddaşımızda daim yaşadığını qeyd etmiş və öz hökmranlığını qoruyub saxlamaq üçün dinc əhali üzərinə ağır hərbi texnika yeridib günahsız insanı gülləbarana etmiş sovet imperiyasının bütün cəhdlərinə baxmayaraq süquta uğradığını, Azərbaycan xalqının şəhid qanı hesabına qazandığı müstəqilliyini göz bəbəyi kimi qoruyub saxlayacağına əmin olduğunu demişdir.

Professor erməni riyakarlığı və hiyləgərliyi əsasında qurulmuş bu faciə qurbanlarının qanının yerdə qalmayacağına ümidvar olduğunu vurğulamışdır. O, həmin dövrdə Azərbaycan dövlətçiliyi əleyhinə işləyən bu hiylənin ulu öndər Heydər Əliyevin ölkəyə qayıdışı ilə qarşısının alındığını, Azərbaycanın vətəndaş müharibəsi təhlükəsindən, səriştəsiz rəhbərlikdən xilas olduğunu diqqətə çatdırmışdır. Alim demokratiyanın, ədalətin təntənəsi, bölgədə və beynəlxalq aləmdə ölkənin nüfuzunun artması, dinamik inkişafı istiqamətində uğurlu işlərə başlandığını və ümummilli liderin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirmişdir.

Mərasimdə universitetin professorları Konstantin Ramişvili, Həsən Həsənli, IV kurs tələbəsi Elnarə Fərəcova və başqaları 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtında baş vermiş faciənin günahkarlarının hələ də öz layiqli cəzalarını almamasından təəssüfləndiklərini söyləmişlər.

İştirakçılar ürək ağrısı ilə 20 Yanvar faciəsindən bəhs edən filmə baxmışlar.