Bakı Slavyan Universitetində Erasmus Mundus - İANUS layihəsinin təqdimatı olmuşdur

Bakı Slavyan Universitetində (BSU) Erasmus Mundus - İANUS layihəsinin təqdimatı olmuşdur.

BSU-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə layihənin əlaqələndiriciləri Stanislav Perçik və Larisa Çovnyuk layihə barədə ətraflı məlumat vermiş, sualları cavablandırmışlar. Bildirilmişdir ki, Erasmus Mundus - İANUS mübadilə proqramı Action 2 - üçüncü ölkələrarası ali təhsil müəssisələri və qrantlar üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və digər ölkələri əhatə edən bir layihədir.

İANUS layihəsi (bakalavr, magistr və doktorantura pilləsi üzrə təhsil alan tələbələrə tədqiqatçılara, işçi heyətinə əməkdaş universitetlərin birində qısa və ya uzun müddətdə qrantlar vasitəsilə səmərəli təcrübə əldə etmək, təhsil almaq, çalışmaq, tədqiqat işləri aparmaq imkanı yaradır. Layihənin müddəti 4 il, mübadilələrin ümumi sayı isə 280-dir. Layihə əməkdaş universitetlər tərəfindən müəyyənləşdirilmiş tədris sahələrini əhatə edəcəkdir.