Azərbaycanda narkotikə görə həbs cəzası yüngülləşdirilə bilər

“Narkotik istifadəçisi olan şəxsləri həbs etməkdənsə, müalicəyə göndərmək daha məqsədəuyğundur” Gürcüstanda marixuananın və çətənənin istehsalı, əldə edilməsi, saxlanılması və həkimin göstərişi olmadan istifadəsi cəzalandırılan cinayət hesab edilməyəcək. Ölkənin Konstitusiya məhkəməsi “Qirçi” partiyasının vəsatətini təmin edib. Partiyada məhkəmənin qərarını “tarixi” adlandırıblar. Məlumat üçün qeyd edək ki, bu ilin fevral ayında Gürcüstanın Konstitusiya Məhkəməsi şəxsi istifadə üçün 100 qrama qədər təzə marixuananın alınması və saxlanılmasına görə həbs cəzasını ləğv etmişdi. Azərbaycanda da uzun müddətdir ki, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin dekriminallaşdırılması ilə bağlı müzakirələr aparılır. Bəzi hüquqşünaslar bildirirlər ki, narkotik vasitə istifadəçisi olmuş şəxslərə daha çox müalicəyə ehtiyacı olan şəxs kimi baxmaq lazımdır. Müzakirələrə baxmayaraq hazırda Azərbaycanda qanunvericiliyə görə, bütün növ narkotik vasitələrin istifadəsi qadağandır. Marixuananın nə olduğuna gəlincə isə qeyd edək ki, marixuana çətənə bitkisinin qurudulmuş çiçəkli baş qismindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir. Toz marixuana isə kənaf bitkisinin çiçəkli baş qisminin qara və ya qəhvəyi ifrazatının toza çevrilmiş və ya qəlib halıdır. Bu gün ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Çexiya, Ekvador, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Şimali Koreya, Uruqvay, İspaniya kimi dünyanın müxtəlif yerlərində çətənənin istehsalı və istehlakına müxtəlif ölçülərdə icazə verilir. Azərbaycanda marixuananın leqallaşdırılması məsələsi real görünməsə də bu maddənin istifadəsinə görə həbsdə yatanların azadlığa buraxılması mümkün ola bilər. Belə ki, bu ilin 10 fevral tarixində ölkə başçısı İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzaladı. Sərəncamda qeyd olunub ki, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısı alınsın, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin edilsin. Sərəncamda həmçinin bu da yer alıb ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin. “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, bu məsələ ilə bağlı qərar qəbul edən zaman beynəlxalq təcrübəyə istinad etmək lazımdır: “Məsələn, Hollandiyada marixuananın qapalı yerlərdə istifadəsinə icazə verilir. Orada tətbiq olunandan bu günə qədər nəticənin nə olması ilə bağlı tədqiqat da apardılar. Tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, ölkədə ağır narkotikin istifadəsi azalıb. İnsanlar daha çox yüngül narkotik maddə olan marixuanaya keçiblər. Marixuana isə bildirilir ki, insanın səhhəti, ətraf mühit üçün çox da qorxulu deyil. Görünür, Gürcüstan da bu təcrübədən istifadə etmək istəyir. Çünki təkcə Hollandiya deyil, bir çox ölkələrdə marixuananın məhz qapalı yerlərdə istifadəsinə imkan verilir. Ümumi yanaşma belədir ki, digər ağır narkotik maddələrdən fərqli olaraq marixuana insanları sadəcə olaraq əyləndirir. Azərbaycanda isə ağır narkotik maddələrin istifadəsi çox geniş yayılıb. Ola bilər ki, hansısa səviyyədə ölkəmizdə də yüngül narkotik maddənin istifadəsinə icazə verilsin. Burada biz məsələ də var ki, Gürcüstanda və Avropa ölkələrində insanların qapalı mühitdən istifadəsi geniş yayılıb. Bizdə isə bu, çox da geniş yayılmayıb. Daha çox məişətdə istifadə edirlər. Ola bilər ki, Azərbaycanda bu üsula mərhələ-mərhələ keçirilsin. Yəni qapalı mühitdə icazə verilsin və bunun tədqiqatı aparılsın. Bəlkə də bu, ağır narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün effektli vasitə ola bilər”. Hüquqşünas bildirib ki, hələ ki, Azərbaycanda müalicə müəssisələri hazır deyil: “Ona görə də məhbusların müalicə mərkəzlərinə yerləşdirilməsi ilə bağlı konkret fikir söyləmək çətindir. Yəqin ki, tədricən buna da başlanılacaq. Həbs olunan şəxslərin də buna marağı olacaq ki, gedib müalicə olunsun. Qanun varsa bu, baş verəcək. Sadəcə olaraq nümunə olmadığı üçün danışmaq çətindir. Dəyişikliklərin hamısı dekabrın 1-dən etibarən qüvvəyə minir. Bu gündən etibarən nə dəyişiklik olacaqsa, zaman göstərəcək. 4-5 aydan sonra buna qayıtmaq olar ki, dəyişikliklər nə qədər effektiv oldu”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da “Yeni Müsavat”a bildirib ki, yüngül narkotik istifadəçilərinin həbs olunması doğru deyil: “Bu barədə şəxsən daxili işlər naziri Ramil Usubovla da danışmışıq. İstifadə edənlərə həkim müalicəsi lazımdır. Həbsxanaya düşəndə də onlar yenə də istifadəçi olaraq qalırlar. Həbs etmək heç nəyi dəyişmir. Ona görə də Azərbaycanda bu şəxsləri müalicəyə göndərmək lazımdır. Bu, təkcə mənim fikrim deyil. Ölkədə əksər hüquqşünaslar bu fikirdədirlər”.