Bu yerlərdə siqaretdən istifadə qadağan edildi - Cərimələr olacaq - VİDEO

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun artıq qəbul edilib. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Milli Məclisdə müzakirəyə çıxarılan məsələ üçüncü oxunuşdan səs çoxluğu ilə keçib. Bununla da artıq bəzi ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunun qəbul edilməsində əsas məqsəd siqaretin ətrafdakı insanlara verdiyi zərərli təsirlərin qarşısını almaqdır. Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində,hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək. Bir çox vətəndaş da sözügedən qanunun qəbul edilməsini müsbət addım hesab edir. Qanunun qəbulu daha çox xanımların ürəyincə olub. Qanunda iş yerlərində siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarına buraxılıb. Bir çox ölkələrdə isə tütün məmulatlarından istifadə edənlərin statistikasını aşağı salmaq üçün bu cür məhdudiyyətlərin tətbiqi həyata keçirilir. Ölkəmizdə də əsas gözləntilərdən biri məhz tütün məmulatları istifadəçilərinin sayını azaltmaqdır. Amma bunun isə nə dərəcədə effektli olacağına münasibət birmənalı deyil. Qadağan edilən yerlərdə siqarət çəkməyə görə cərimələr isə İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişiklikdən sonra bəlli olacaq. Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin Videonu izləmək üçün şəklə klikləyin: ŞƏRH YAZ