İsmayıllıda Beynəlxalq Əlillər günü qeyd edilib.

Teref.info - 02 dekabr 2017-ci il tarixdə İsmayıllıda “Qala” şadlıq sarayında Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə daha çox diqqəti cəlb edən əlillərin yaradıcılıq sərgisi olub. Qayğıkeş,mərhəmətli insanlar çoxsaylı əl işləri və yaradıcılıq nümunələrini almaqla əlillərə maddi dəstək olublar. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilib. Çoxları xüsusi avtomobillərlə təmin olunub, ehtiyacı olanlar müxtəlif dərəcəli reabilitasiya kurslarına göndəriliblər. M.Sadıqov bildirib ki, bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirməyinin bariz nümunəsidir. Tədbirdə QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev, Dövlət qulluğu veteranı Valeh Salehov, Rayon veteranlar şurasının sədri Əlaləm Babayev, UADM-nin direktoru Lətifə Əliyeva da çıxış ediblər. Onlar əlillərin ehtiyaclarına daimi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi tərəfindən Əlillər gününə həsr olunmuş konsert proqramı tədbiri bir qədər də canlı və maraqlı edib. Sonda bədii söz, rəsm, şer yaradıcılığı və nərd oyununda fərqlənən əlillərə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.