Türkiyənin Azərbaycandakı hərbi ataşesi bir qrup xüsusi təyinatlı hərbçilərimizlə görüşüb

Türkiyənin Azərbaycandakı hərbi ataşesi Zafer Ocak Tərxis Olunmuş Hərbçiərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup xüsusi təyinatlı hərbçilərimizlə görüşüb. Lent.az -ın məlimatına görə, hərbi ataşe tuğgeneral Zafer Ocak çıxışının əvvəlində Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarını xatırladaraq iki ölkə arasında qarşılıqlı etimada əsaslanan səmimi və dostluq münasibətlərinin tarixinin dərin olduğunu, hər iki xalqın rifahının təmin olunması baxımından iki ölkə arasındakı dostluq əlaqələrinin mühüm rol oynadığını qeyd edib. Türkiyə-Azərbaycan münasibətlərinin dərin dostluq bağlarıyla bağlanması tarixin ən mürəkkəb dövrlərində hər iki ölkənin bir-birinə dəstək olmalarına əsas verib. Buna misal olaraq, 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak silahlılarından xilas etməsini göstərmək olar. Bununla yanaşı, Çexiyanın paytaxtı Praqada keçirilən "Şərq Tərəfdaşlığı" sammitində Azərbaycan dövlətinin başçısının Ermənistan prezidentinin səsləndirdiyi əsassız iddialara "Bu gün Türkiyə nümayəndələri burda yoxdur, ancaq mən buradayam" deyərək Türkiyəninin mövqeyini qətiyyətlə müdafiə etməsini göstərmək olar. Hərbi ataşe həmçinin Azərbaycan Silahlı Qüvvələrinin son dövrlər regionun əsas güclərindən birinə çevrildiyini vurğulayıb və aprel döyüşlərini buna bariz nümunə kimi misal çəkib. Daha sonra, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edib və ilk olaraq, yüksək qonaqpərvərliyə görə hərbi ataşeyə öz minnətdarlığını bildirib. Hazırda iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Emin Həsənli Türkiyə və Azərbaycanın dost ölkə olmaqla yanaşı həmçinin dini, dili, soyu bir olan qardaş xalqlar olduğunu xatırladaraq, bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir deyərək fikirlərinə davam edib. Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri də mövcuddur: "Bu əlaqələr daha da dərinləşməkdədir.Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti böyük əhəmiyyətə malikdir". Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Türkiyənin həmişə Azərbaycana dəstək verdiyini xatırladan E.Həsənlibildirib ki, Azərbaycan torpaqlarının 20 fazinin Ermənistan tərəfindən işğal olunmasına görə, Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb və işğalçı ölkə ilə heç bir diplomatik əlaqə qurmayıb. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında olan hərbi təlimlər iki qardaş ölkənin silahlı qüvvələri arasında inteqrasiyaya təkan verir, hərbi təlimlər Azərbaycan və Türkiyə ordusunun döyüş gücünün artırılması baxımından önəmli rola malikdir. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistanda təşvişlə qarşılanmaqdadır. Çıxışına davam edən E. Həsənli Azərbaycan və Türkiyə arasında olan birgə hərbi təlimlərin hər iki ölkənin hərbi qüvvələri arasında önəmli rol oynadığını vurğuladı.