Tbilisidə Qarabağa dair önəmli mesajlar: "Münaqişəni dayandırmaq..."

Oktyabrın 31-də Tbilisidə Ermənistan -Azərbaycan Vətəndaş Sülh Platformasının təşkilatçılığı "Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" mövzusunda beynəlxalq konfrans keçirilib. Platformadan Lent.az -a verilən məlumata görə, 14 ölkənin, o cümlədən ABŞ, Fransa, Çexiya, Belorus, Türkiyə, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistan Vətəndaş Cəmiyyəti institutlarının 100-dən çox təmsilçisi, beynəlxalq təşkilatların, müxtəlif konvensiyaların, siyasətçilərin, diplomatların, elm və din xadimlərinin təmsilçilərinin qatıldığı tədbirdə "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" çərçivəsində görüləcək işlərdən danışılıb, vətəndaş cəmiyyəti institutlarının birbaşa iştirakı ilə danışıqların effektivliyinin artırılmasında və münaqişənin həllində vətəndaş cəmiyyətinin rolu müzakirə olunub. Qafqaz Beynəlxalq Geostrateji və geotarixi araşdırmalar mərkəzinin sədri (Gürcüstan) Quram Marxuliya konfransı açıq elan edib. O, vətəndaş cəmiyyəti institutlarının başladığı bu təşəbbüsün hər iki dövlət rəsmiləri tərəfindən dəstəklənəcəyini ümid etdiyini bildirib. BDU-nun professoru, tarix elmləri doktoru Kamil Səlimov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 il keçməsinə baxmayaraq həlli istiqamətində real addımlar atılmayıb. Kamil Səlimov problemin həlli, danışıqların effektini artırılması istiqamətində təklif irəli sürərək bildirib ki, danışıqlar prosesinə ATƏT MQ-nin ictimai müşahidəçisi qismində "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın qoşulmasıdır. "Qeyd edim ki, bu münaqişə tarixində ilk dəfədir ki, qarşıdurma tərəflərinin vətəndaş cəmiyyəti nümayəndələri təşkilatlanmış formada konkret təkliflə meydana çıxır. Bu üç ölkə, Minsk Qrupunun daimi həmsədrləri ABŞ, Fransa və Rusiya münaqişənin həllində məsuldurlar. Amma təəssüf ki, MQ həmsədrlərinin özlərinin münasibətlərinin nizamlanmasına ehtiyac var"-deyə K. Səlilov bildirib. Yekunda o qeyd edib ki, vətəndaş cəmiyyətinin iştirak olmadan heç bir sülh prosesi daimi və uzunmüddətli ola bilməz". Erməni nümayəndəsi, ictimai fəal, tarixçi-araşdırmaçı Artur Ağacanov münaqişənin həllində platformanın ümidverici və effektiv mexanizmə çevrilməsi üçün böyük potensialın olduğunu bildirib. BAMF sədri Umud Mirzəyev Dağlıq Qarabağ problemindən əziyyət çəkənlərdən biridir. Buna baxmayaraq sülh tərəfdarıdır və beynəlxalq ictimaiyyəti bu məsələnin həllində yardımçı olmağa çağırıb. "Dünən "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın Azərbaycan və Ermənistan prezidentlərinə, ATƏT Minsk Qrupu həmsədrlərinə, Roma Papası Fransiskə, Bütün ermənilərin katolikosu Qaregin və Qafqaz şeyxi Allahşükür Paşazadəyə müraciət edib. Mən inanıram ki, onlar Platformanın bu nəcib təşəbbüsünü dəstəkləyəcək və Ermənistan-Azərbaycan arasındakı münaqişənin həllində köməklərini əsirgəməyəcəklər. 30 illik münaqişəni dayandırmaq və dayanıqlı sülhə nail olmaq lazımdır" "Sülhquruculuğu prosesində vətəndaş cəmiyyəti institutlarının və medianın rolu" ikinci panelin moderatoru Qafqazın Qovuşması təşkilatının sədri (Belçika) Mişel İvor tədbirin əhəmiyyətindən, bu günə kimi təmsil etdiyi təşkilatın fəaliyyətindən danışıb. "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın gələcək fəaliyyətində səylərin birləşdirilməsini qeyd edib. Tarixçi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Artur Ağacanov, Beynəlxalq İnsan haqları cəmiyyətinin baş katibi (Özbəkistan) Marat Zaxidov, Berlin Xəzər Araşdırmalar İnstitutunun rəhbəri (Almaniya) Matias Dornfeltt çıxış edərək mövzu barəsində fikirlərini çatdırmışlar. Tədbirə qoşulan Bosniya və Herseqovina Parlamentinin üzvü Naidin Ahmedspahiç proseslə bağlı Avropa yanaşması haqda danışaraq, geniş şərh verib. Konfliktoloq Anastasiya Lavrinanın moderatoru olduğu "Dağlıq Qarabağ münaqişəsi Erməni və Azərbaycanlı qadınların gözü ilə" paneli böyük maraq kəsb edən müzakirələrlə yadda qalıb. "Dilarə Əliyeva adına Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi Cəmiyyəti"nin sədri Novella Cəfəroğlunun çıxışı böyük razılıqla qarşılanıb. O, əsgər analarının da bu prosesə qoşulmasını, münaqişənin həllində qadınların böyük töhfə verəcəyini bildirib. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Oksana Altunyan, Paris Universiteti Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü xanım Selin Şənocaq (Türkiyə), tarixçi Tatyana Krupa (Ukrayna) və mədəniyyətşünas Odelya Marcenko mövzu barədə fikirlərini bildiriblər. Nəhayət, konfransın üçüncü və sonuncu paneli "Beynəlxalq təşkilatların və dini liderlərin sülh prosesinə verəcəyi töhfə" mövzusunda ətrafında - Belarus Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Sergey Simonovski (Belarus), politoloq, Cənubi Rusiya informasiya agentliyinin rəhbəri, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (Rusiya) Yevgeniy Mixaylov, Kaliforniyanın Bet El xristian mərkəzinin yepiskopu, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (ABŞ)Juan Carlos Mendez, Sarbon Universitetinin tarix üzrə elmlər doktoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Piere de Tregomain (Fransa) və YUNESKO-nun və YUNİTVİN-in assosiativ professoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (Azərbaycan)Rizvan Hüseynov mövzu ilə bağlı çıxış ediblər.