Gülər Əhmədova: “Dedilər, ya bizimlə gedəcəksən, ya satqın olacaqsan...” - MÜSAHİBƏ

Sabiq millət vəkili məktəb xatirələrini bölüşür Köks ötürüb, ilk dərs gününü xatırlayır. - Məni nənəm böyüdüb. Birinci psixoloji zərbəni onda aldım ki, dərslər başlamazdan 10 gün əvvəl məni nənəmdən ayırıb, evimizə gətirdilər. Düzdür, çox keçmədi, mən yenə nənəmin yanına qayıtdım. Məktəbim nənəmgilə daha yaxın idi. Nənə uşağı olmuşam deyə tezdən oyanmazdım. Sentyabrın 1-i məktəbə gedəndə anamgil məni tezdən oyatdılar ki, səhər yeməyi yeyim. Həmin gün süfrədə olanlar indiyə kimi də gözümün qabağındadır. Anam dedi ki, əncir mürəbbəsi ye, ürəyinə təpər olsun. Mən də heç yemək istəmirdim. O mürəbbənin dadı hələ də damağımdadır. Gətirdilər məktəbə, məni otaqda qoyub çıxdılar... Ona görə həmişə deyirəm, uşaqları məktəbə qoymazdan əvvəl psixoloji cəhətdən hazırlamaq lazımdır. *** Lent.az -ın "Məktəb illəri" layihəsinin qonağı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovadır. - Birinci sinfə 1972-ci ildə Bakının 13 nömrəli məktəbinə getmişəm. İlk müəllimim Nazilə müəllimə olub. Allah ona rəhmət eləsin! O vaxtın tanınmış, sayılıb-seçilən müəllimlərindən biri idi. Obrazı hələ də gözümün qabağındadır. Hündür, görkəmli qadın idi. Çox gözəl metodikası vardı, uşaqları çox yaxşı öyrədirdi. Çox valideyn istəyirdi uşağı məhz onun sinfində oxusun. Birinci sinifdə Şirinova Mətanət adlı qızla yanaşı otururmuşam. Sonrakı illərdə Arzu, Azər, Hikmətlə də oturmuşam. Sinif yoldaşlarımla dostluğumuz hələ də davam edir. "WhatsApp"da sinfimizin qrupu var. Daim yazışırıq. Bütün xeyir və şər işlərimizdə bir yerdə oluruq. Eşidəndə ki, kimsə sinif yoldaşı ilə evlənib, mənə qəribə gəlir. Sinfimizdəki qızlar və oğlanlar sözün əsl mənasında bacı-qardaş kimi olublar. Sinfimizdə kimsə kimisə sevdiyini desəydi, bəlkə o adamı öldürərdilər. Başqa sinfin oğlanı bizim sinifdən hansısa qıza nəsə desəydi, ölüm-dirim davası çıxardı. 35 ildir məktəbi bitirsək də, heç vaxt bir-birimizdən qopmamışıq. Yaşımız 50-ni keçsə də, hələ də bir yerdəyik. Artıq həyat yoldaşlarımız da buna alışıb. - Qız alıb-qız verən var? - Hələ olmayıb, amma deyəsən, olacaq (gülür). Məktəbdən ən böyük qazancımız dostluğumuzdur. Bir-birimizə görünməz tellərlə bağlıyıq. O gün qızlardan biri qrupa yazmışdı ki, rəhmətə gedən oğlanlardan birini yuxuda görüb, gedək onun qəbrini ziyarət edək. - Bəs sizin çətin günlərinizdə yanınızda oldular? - Həmişə. Ən çətin günlərimdə ailə üzvlərimi görəndə ağlamamışdım, amma onları görəndə ağladım. Təbii ki, sevinc göz yaşları idi, xoşbəxtlikdən ağladım. Heç vaxt əlimi buraxmadılar. Nə olursa-olsun, nə baş verməyindən asılı olmayaraq, heç vaxt bir-birimizin əlini buraxmadıq. Ondan məktəb illərindən ən yadda qalan bir xatirəsini soruşanda gülür və çox olduğunu deyir. Deyir, xatirələrinin sayı-hesabı yoxdur. - Sinfimizdə bir-iki nəfər var ki, duzlu-istiotlu danışır, görüşəndə bəzi xatirələri onlara dönə-dönə danışdırıb gülürük. Sinif yoldaşlarımla bağlı gülməli xatirələri danışmaq istəmirəm. Bu müsahibəmi feysbuk səhifəmdə paylaşacağam, onlar da görəcək. İnciməsinlər deyə, sizə özümlə bağlı gülməli hadisəni danışacağam. "Məhsul" - bizim məktəbin stadionudur. Sinfimizin oğlanları başqa məktəbin oğlanları ilə futbol oynayacaqdı. Mən də sinif nümayəndəsi idim. "Sinifkom" deyirdilər. Düşdüm gördüm, oğlanlarımız çox bikefdilər. Soruşdum, nə olub? Dedilər, qapıçımız yoxdu. Xatırlamıram, niyəsə oğlan gəlməmişdi. Dedilər, biz indi kimi qapıçı qoyaq? Tez özümü qabağa verdim ki, mən! Gülürük. - Dedilər, sən qız uşağısan, oğlanların futbolunda nə işin var? Komandadan kimisə qapıya qoya bilərdilər. Amma o zaman komanda zəifləyəcəkdi. Sinfimizin şərəfi mənim üçün çox önəmli idi, komandamızın uduzmağına razı ola bilməzdim. Dedim, yox, siz çıxmayın, qapıda özüm duracağam! Bir az qapıda dayandım, sonra kimsə gəldi, mən çıxdım oyundan. Bunu uşaqlar həmişə danışıb gülürlər. - Dərsdən qaçmısınız? - Hə, onu danışım sizə. Dərsdən qaçmağımız da bir dastan olub. O vaxt "Qeniy dzu-do" adlı məşhur film vardı. Məktəbimizə yaxın "Qələbə" kinoteatrı idi, amma bu, "Sevil" kinoteatrında gedirdi. Oğlanlar dərsdən qaçıb filmə baxmağa getmək istəyirdilər, mən də imkan vermirdim. Bunlar da fikirləşib ki, kinoya getməklərinin tək yolu var - mən onlarla getməliydim. Oturub plan qurublar. Oğlanlar əvvəl sinfin qızlarıyla razılaşıb məni fakt qarşısında qoydular. Dedilər, ya sən də bizimlə kinoya baxmağa gedəcəksən, ya da ştreyxbreker kimi tək qalacaqsan. Qərar ver, ya bizimlə getməlisən, ya da satqın olmalısan. Məcburən mən də onlara qoşuldum. Son 2-3 dərsi buraxıb getdik "Sevil" kinoteatrına. Filmi bir qədər izləmişdik ki, işıqlar yandı. Baxdıq, məktəbimizin rəhmətlik direktoru Nazim müəllim gəlib. Dedi, 13-ün uşaqları çıxsın bayıra. Qabağına salıb bizi məktəbə gətirdi. Heç kimi danlamadılar, ancaq məni müəllimlər otağına çağırdılar. İlk dəfə orda "Ağıllınız kimdir? Qabaqda gedən zəncirli" misalını eşitdim. Nə üçün getdiyimi direktorumuza izah etdim. - Gülər Əhmədova necə şagird olub? - Çox nümunəvi şagird olmuşam. Fortepiano üzrə musiqi məktəbini bitirmişəm. Eyni zamandan idmanla məşğul olmuşam. Məktəbin ot üstündə xokkey üzrə qızlar komandasının üzvi idim. Gündəlik dərsdən "dörd" almaq mənim üçün faciə idi. O deyirlər e, "xalxın uşağı", bax, o "xalxın uşağı" mən idim (gülür). Çox yaxşı oxuyan "xalxın uşağı"ndan idim. Sözün düzünü danışardım. Müəllimlərim də bilirdi, ziyanıma olsa belə düzünü deyəcəyəm. Ev tapşırığımı hazırlamamışdımsa, yalandan deməzdim ki, işığımız sönmüşdü. Düzünü deyirdim. Çox bədii ədəbiyyat oxuyurdum. Deyirdim, başım qarışıb kitaba hazırlaşmamışam. Məktəbdə mənə qarşı xüsusi münasibət olub. Heç vaxt yoldaşlarımı satmamışam. Bilirdim, amma demirdim. Mən elə tərbiyə almışdım ki, kimisə satmağın böyük günah olduğunu bilirdim. Sonralar "Quran"ı oxuyanda da gördüm, düzgün tərbiyə almışam. Həzrəti Əlinin gözəl kəlamı var. Deyir, 2 adam arasında pis xüsusiyyətini desən, bu, tənqiddir, üçüncünün yanında desən, bu, təhqirdir. İnsanın hər səhvini üzünə vurmazlar. Onu pərt etməkdənsə, çalışıb onu bu səhvdən uzaqlaşdırmaq lazımdır. "Mənim çox yaxşı müəllimlərim olub. Bu gün də onlara minnətdarlıq hissi ilə yaşayıram" - deyir və müəllimlərini sadalamağa başlayır: - Riyaziyyatı Çiçək müəllim, ədəbiyyatı Şaban müəllim, kimyanı Səbirə müəllim, tarixi Şükufə müəllim, biologiyanı Tahirə müəllim, rus dilini Nadejda Aleksandrovna, ingilis dilini Nərgiz müəllim, fizikanı Həsən müəllim... Hamısı yadımdadır. Çoxu rəhmətə gedib. Allah onlara qəni-qəni rəhmət eləsin! Sağ qalanları ilə görüşürəm. Onlar bizim əziyyətimizi çox çəkiblər. "O önlüyü hələ də saxlayıram" - Çox maraqlı son zəngimiz olub. Çoxlu şəkillərimiz var. Məzunlar birincilərə hədiyyə, birincilər də bizə gül vermişdi. Uşağın yadında qalmaq üçün ona yaxşı hədiyyə düzəltdim. Anam mənə az pul vermişdi. Dedim, yox, azdı, atamdan pul alıb üstünü düzəltdim. Uşağa Rusiya istehsalı 12 rəng plastilin və 24 ədəd rəngli qələm aldım. Əl qabiliyyətim yaxşıdır. Onları səliqə ilə qablaşdırdım. Üstündə Qırmızı meydanın şəklini çəkib kəsib yapışdırdım. Son zəng günü hədiyyəmi götürüb gedəndə gördüm, hamı hədiyyəsini elə-belə büküb gətirib (gülür). Sonra dəniz kənarına getdik, valideynlər yığılıb bizə qonaqlıq verdilər. Son zəngdə sinif yoldaşlarımın arzularını yazdığı önlüyü hələ də saxlayıram. Son söz - Sovet təhsil sistemi ilə müasir təhsil sistemini müqayisə edə bilmirəm. Çünki, ayrı-ayrı şeylərdir. Müxtəlif ölçü vahidlərindən olan şeyləri müqayisə etmək olmur. Necə ki, litrlə kilometri. Hər kəs öz aldığı təhsili üstün sayır. Kimsə öz təhsilinə "pis" deməz. Əlbəttə, hər təhsilin öz üstün və çatışmayan cəhətləri var. Bizim aldığımız təhsil klassik təhsil idi. Klassik German təhsilinin üstündə qurulmuşdu. Bircə çatışmayan cəhəti olub, o da Azərbaycan tarixinin lazımı səviyyədə tədris olunmamasıdır. Azərbaycan tarixinin bir çox səhifələrini, böyük epopeyasını çox sonralar öyrənmişəm. Oğlumun 12 yaşı var. Azərbaycan tarixindən Şah Abbas haqda elə şeylər danışır ki, mən ondan öyrənirəm. Fundamental elmləri, hesab edirəm, bizim vaxtımızda daha yaxşı tədris edirdilər. Rus və ingilis dillərini bu qədər yaxşı bilməyimi o vaxtkı təhsilə borcluyam. Məktəbimiz ingilis təmayüllü idi. İkinci sinifdən ingilis dili keçmişik. Çox güclü müəllimlərimiz vardı. Sinif yoldaşlarımın hamısı ədəbiyyatı yaxşı bilir. Aramızda həkimlər, riyaziyyatçılar və s. var. Hamımızın xətti gözəldir. Azərbaycan dilinin orfoqrafiyasını, qrammatikasını çox gözəl bilirik. İndi uşaqların yazmaq qabiliyyəti aşağıdır, fikirlərini yaxşı izah edə bilmirlər, daha çox xarici dillərin öyrənilməsini üstün bilirlər. Hesab edirəm, bizim təhsilimiz daha mükəmməl olub. Bizim vaxtımızda orta məktəbin göstəricisi ali məktəbə qəbul olanların sayı yox, məktəbin göstəricisi məktəbdən neçə insanın məzun olması idi. Tərbiyə tədris prosesindən birinci idi. Tərbiyəsiz şagird yaxşı oxusaydı belə gözə görünmürdü. Birinci tərbiyəyə üstünlük verirdilər və o da daha doğru idi. Bu gün şikayət olunan həkimlər, müəllimlər o məktəblərdən çıxıblar ki, orada tərbiyə üstün olmayıb, tədris üstün olub. İnsan gözəl mütəxəssisdir, amma yaxşı insan deyil. Məktəbin birinci işi tərbiyə vermək olmalıdır.