Bu məktəbdə stadion biçənək kimi istifadə edilir

Qusar rayonunun Gədəzeyxur kəndindəndəki məktəbin ot basmış stadionu biçənək sahəsi kimi istifadə edilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şagirdlər onların istifadəsi üçün nəzərdə tutulan meydançaya buraxılmır.

485 şagirdin təhsil aldığı orta məktəb 2012-ci ildə istifadəyə verilib. Müasir avadanlıqla təchiz edilən təhsil müəssisəsində iki stadion və idman zalı da inşa edilib. Amma illərdir şagirdlərin əsas stadiona girişlərinə imkan verilmir.

Məktəbin Təsərrüfat müdiri əvvəl uşaqların stadionun yaxşı vəziyyətdə olmadığı üçün ora buraxılmadığını bildirsə də, sonradan biçənək sahəsi kimi istifadə olunduğunu etiraf edib.

Məktəbin müəllimləri də stadiondan biçənək sahəsi kimi istifadənin düzgün olmadığını etiraf edir. Lakin məktəb rəhbərliyinin maddi vəsait əldə etmək üçün şagirdləri stadiona buraxmadığını bildirirlər.

Ərazidə çəkiliş aparıldığını eşidən məktəb direktoru Əbubəkir Qədimov əvvəl mane olmağa çalışsa da, sonradan fikrini dəyişdi. O qeyd edib ki, sationdakı ot məktəb üçün istifadə olunur, yəni satılaraq əldə olunan gəlir məktəbin təsərrüfat işlərinə xərclənir.

Əslində isə bölgədəki məktəblərin maddi -texniki bazasının saxlanılması işini Təhsil Nazirliyinin Xaçmaz Regional Maliyyə Hesablaşma İdarəsi həyata keçirir. Lakin məktəb rəhbərliyinin "işgüzarlığı" nəticəsində şagirdlər hələ də otun biçilməsini gözləməlidir.