"Atletiko"dan transfer qadağası ilə bağlı bəyanat

İyunun 1-də Lozannada yerləşən İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən "Atletiko" klubuna qarşı tətbiq olunan transfer qadağasını təsdiqlədi. Madrid klubu yayda yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək ki, bu da baş məşqçi Diyeqo Simeonenin planlarına daxil deyildi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Atletiko" bu məsələ ilə əlaqədar rəsmi bəyanatında "Real"a kəsilən analoji cəzanın ləğv olunmasına diqqəti çəkib.

"Hesab edirik ki, bu qərar klubumuza qarşı ədalətsizlik və ayrı seçkilikdir. Bu yaxınlarda analoji vəziyyətdə olan klubun cəzası qismən ləğv olundu və iyulun 1-dən yeni futbolçuları qeydiyyatdan keçirməyə icazə verildi. Bu qərar kluba böyük zərbə vuracaq. Qərar göstərilən müddət başa çatandan sonra (31 may) elan edilib. Bu, "Atletiko"ya qarşı hörmətsizlik əlamətidir. İspaniya qanunvericiliyə ciddi riayət etdiyimiz halda bu cəzanı almışıq. İdman qanunlarında göstərildiyi kimi, bütün məsələlərdə İspaniya Futbol Federasiyası ilə birlikdə çalışmışq. Yeni mövsümün planlamasında CAS qərarından sonrakı iki mümkün ssenarini nəzərdən keçirirdik. Bu andan etibarən klub yanvarın 1-dən yeni futbolçuların qeydiyyatı üçün əməliyyatları icra etmək üzrə danışıqlar aparacaq. Ardıcıl 5-ci il Çempionlar Liqasına vəsiqə qazanırıq. Hazırki heyətə tam güvənirik. Bizə ziyan vuran qərara baxmayaraq, futbolçular və məşqçi heyəti növbəti mövsüm də yüksək səviyyədə rəqabətə söz veriblər. Komanda, klub və azarkeşlər - birlikdə hədəflərimiz uğrunda mübarizəni davam etdirəcəyik" - klubun açıqlamasında deyilir.