"Ondan 10 dəfə üzr istəyərəm" - Rus Anjelika ilə duet oxuyan müğənnimiz

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Rüfət Axundov maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, müğənni ilk olaraq sənətindəki yeniliklərdən bəhs edib:

"Artıq mahnı seçimi də əvvəlki kimi deyil. Bilmirsən nə oxuyasan ki, tamaşaçının zövqünü oxşasın. Bilmirsən oynaq oxuyasan, bilmirsən həzin oxuyasan, bilmirsən disko musiqilər səsləndirəsən. Özüm də çaş-baş qalmışam. Bir də görürsən elə bir mahnı sənətçiyə uğur gətirir ki, heç ağlına belə gəlməz ki, bu mahnı sənə uğur qazandıra bilər. Mən bəstəkara çox müraciət etmirəm. Bəlkə 5-10 bəstəkara müraciət etsəm, onların hamısından, sadəcə, 2-3 yaxşı mahnı seçə bilərəm. Ola bilər ki, günahın müəyyən hissəsi məndədir. Mən çox vaxt üstünlüyü xalq musiqilərinə verirəm. Köhnə bəstəkar musiqilərinə yenidən nəfəs verib, aranjman edib oxuduğum mahnılar repertuarımda çoxdur".

Rüfət Moskvada fəaliyyət göstərən xanım ifaçı ilə yaxın zamanlarda duet oxuyacağını bildirib:

"Moskvada bir sənətçi dostumuz var. Daha doğrusu, dostumun dostudur. Xanım müğənnidir. Onu Bakıya dəvət etmişik. Həmin xanımla duetimiz olacaq. Xanımın adı Anjelikadır. İfa edəcəyimiz musiqi rus dilindədir. Disko musiqidir. Güman edirəm ki, bəyəniləcək. Mən məktəbdə 7-ci sinifə kimi rus dilində oxumuşam. Güman edirəm ki, problem olmaz. Ola bilsin ki, ingilis dilində bir balaca çətinliyim olar. Ancaq rus dilində oxumaqdan qətiyyən çəkinmirəm".

O, şou-biznes dostlarından tez-tez küsmədiyini deyib:

"Tək işdə deyil, həyatda da küsəyən biri deyiləm. Küssəm, sənin birbaşa üzünə deyərəm. Yaranan incikliyi həmin dəqiqə yerindəcə həll edərəm. Sabaha saxlamaram ki, ay zəng edərəm, xəbər göndərərəm, kamera ilə deyərəm, yox, həmin an məsələni yerindəcə həll edərəm. Kimsə mənə deyə bilər ki, gördün, salam vermədin, həmin dəqiqə on dəfə üzr istəyərəm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.