"Qoca sinyora" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı!

Futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub. "Barselona" ilə "Yuventus" "Nou Kamp" stadionunda üz-üzə gəlib. Oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Beləliklə, öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş "Yuventus" klubu adını yarımfinala yazdırıb.

Günün digər matçı isə Fransada keçirilib. "Monako" öz meydanında "Borussiya Dortmund"u qəbul edib və rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Səfərdə də rəqibindən üstün olan (3:2) "Knyazlıq klubu" yarımfinala yüksəlib.

Beləliklə, UEFA Çempionlar Liqasının yarımfinalında bu komandalar mübarizə aparacaq :"Real" (Madrid, İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Monako" (Fransa), "Yuventus" (İtaliya). Yarımfinal mərhələsinin püşkü aprelin 21-də atılacaq.