Binəqədidə yanan binaya görə təqsirləndirilənlərin işi birinci instansiya məhkəməsinə qaytarıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək məhkəmə iclas protokollarında bəzi imzaların olmadığını bildiriblər. Vəkillər qeyd ediblər ki, buna görə iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmalıdır.

Məhkəmə vəsatəti təmin edib və iş birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi M.Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru U.Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ə.Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ə.Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi N.Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Q.Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri A.Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru A.Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Əsgərov 4 il, U.Bəşirov 5 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Məmmədovla A.Əlibəyovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verib.