"Azərbaycanda İslam həmrəyliyi ili - birlik və inkişaf naminə sülhməramlı missiya"

Bu gün AMEA-nın Əsas binasında akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Azərbaycanda İslam həmrəyliyi ili - birlik və inkişaf naminə sülhməramlı missiya" mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Təqi Xəlili, İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə, İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini Saad Ghazal, həmçinin Sudan və İraq səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbiri Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Gövhər Baxşəliyeva açaraq 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamını xatırladıb. O, Azərbaycanın İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr verdiyini deyib.

İctimai elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundov çıxış edərək İslam ölkələri daxilində harmoniya və sabitliyin yaradılmasına böyük ehtiyac olduğunu bildirib. Müsəlman ölkələrinin beynəlxalq təşkilatlarda vahid cəbhədən çıxış etməsinin vacibliyini vurğulayan N.Axundova Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində İslam ölkələrinin dəstəyini hiss etdiyini söyləyib.

Tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək konfansın qarşısına qoyduğu problemin İslam aləmi üçün həyati məsələ olduğunu deyib. Alim İslam dünyasına qarşı tarixən aparılan təcavüz siyasətinin bu gün də davam etdirildiyini və İslam mədəniyyətinin terror nəticəsində məhv edildiyini bildirib.

Sonra İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirinin müavini Saad Ghazal çıxış edib. O, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinin azad şəkildə dini ayinlərini yerinə yetirdiyini və İslamın tolerantlıq şərtinə Azərbaycanda əməl edilməsinin şahidi olduğunu deyib. S.Ghazal İslam aləminin bu gün parçalanma dövrünü yaşadığını və İslamın mahiyyətinin qəsdən təhrif edildiyini bildirib.

Tədbirdə G.Baxşəliyeva "İslam həmrəyliyi ili - zamanın çağırışlarına uzaqgörən reaksiya", Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı "İslam həmrəyliyi amili və Ermənistan - Azərbaycan münaqişəsinə dair həqiqətlərin çatdırılması imkanları", institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri Esmiralda Həsənova "Azərbaycan Respublikasında İslam həmrəyliyinin ideoloji-siyasi əsasları haqqında" və başqaları müxtəlif məruzlərlə çıxış ediblər.

NƏZAKƏT