Fransa prezidentliyinə iddiaçılar ermənilərin xoşuna gəlmək üçün yarışa girdi: "Qarabağ Ermənistana verilsin..."

Fransa prezidentliyinə namizəd, radikal millətçi Marin Le Pen Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının "həll yolunu" təklif edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Marin Le Pen Fransada nəşr edilən erməni qəzeti "Nouvelles d'Armenie"-yə müsahibəsində münaqişənin nizamlanması üçün "Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu" deyib.

"SSRİ-nin dağılmasından, sonra meydana çıxan sərhədlər beynəlxalq səviyyədə tanınıb, lakin Dağlıq Qarabağın müstəqilliyindən daha çox bölgənin Ermənistana birləşdirilməsinə dair Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşma daha məqbul olardı", - prezidentliyə iddiaçı bildirib.

Marin Le Pen Fransada Qarabağ məsələsində Azərbaycana qarşı çıxan yeganə prezidentliyə namizəd deyil. Bundan əvvəl keçmiş baş nazir, prezidentliyə namizəd Fransua Fiyon həmin erməni qəzetinə müsahibəsində Azərbaycanı ötən ilin aprelində "Dağlıq Qarabağı güc yolu ilə ələ keçirmək cəhdində" ittiham edib. Habelə prezidentliyə namizəd tarixi faktları açıq təhrif edərək deyib ki, Dağlıq Qarabağı vaxtilə Stalin Ermənistandan ayırıb Azərbaycanın tərkibinə verib.

Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biridir və bu ölkədə siyasətçilər seçkilər zamanı erməni elektoratının səsini qazana bilmək üçün "soyqırım" məsələsində bir-birləri ilə yarışa girirlər. Lakin bu dəfə Fransua Fiyon və Marin Le Pen bir qədər də uzağa gedərək Qarabağ məsələsində da ermənilərin rəğbətini qazanmağa çalışıb. Şübhəsiz ki bu, Minsk Qrupunun həmsədrlərindən biri olan Fransaya rəhbərlik etmək iddiasında olanlar üçün açıq-aşkar təxribatçı mövqelərdir. Qeyd etmək lazımdır ki, Marin Le Penin prezident seçilmək şansı faktiki olaraq yoxdur. Fransua Fiyon isə seçki kampaniyasının əvvəlində favorit hesab edilirdi, lakin tezliklə barəsində üzə çıxan kompromatlara görə reytinqi xeyli gerilədi. Onların hər iki Rusiyaya meyli namizədlər hesab olunur.