Türkiyə Super Liqasında baş məşqçi istefası

Mustafa Reşit Akçay Türkiyənin "Osmanlıspor" futbol komandasının baş məşqçi vəzifəsindən istefa verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 59 yaşlı mütəxəssis qərarını Super Liqanın XXV turunda səfərdə "Kasımpaşa"ya 2:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlayıb.

O, son oyunlarda uğurlu nəticələr əldə edə bilməmələrini səbəb göstərib: "Klubumuzun gələn mövsüm üçün daha sağlam qərarlar verə bilməsi üçün postumdan gedirəm".

Qeyd edək ki, Mustafa Reşit Akçat "Osmanlıspor"a 13 iyul 2015-ci ildə baş məşqçi təyin olunub. Ankara təmsilçisi onun rəhbərliyi altında cari mövsümdə ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb və qrupdan lider kimi 1/16 finala yüksəlib. Lakin komandanın qarşısını Yunanıstan "Olimpiakos"u kəsib - 0:0, 0:3. Super Liqada isə "Osmanlıspor" 35 xalla 11-ci pillədə qərarlaşıb.