"Həyat yoldaşım mənə gələndə bilirdi..." - Faytonçu Nazim

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı faytonçu ləqəbi ilə tanınan müğənni Nazim olub.

Milli.Az bildirir ki, İsrailə tez-tez səfər etməsinin səbəblərini açıqlayan müğənni 27 illik evliliyinin bilinməyən tərəflərini də ilk dəfə olaraq "Şou-məkan"da danışıb:

"İsraillə bağlı müəyyən layihələrimiz var. Bu ölkədə "Əziz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası var. Onların tədbirlərində iştirak etmək üçün gedirəm. Ölkəmizdə olan bayramlarla bağlı orada tədbirlər keçirilir. Ona görə də, hər zaman dəvət edirlər".

Yerli şou-biznes nümayəndələri öz məclislərimizə dəvət almaq üçün min dərədən su gətirib özlərini sübut etməyə çalışsalar da, Nazim Avropada belə təmtəraqlı məclislər idarə edir.

"Çox xoşbəxt müğənniyəm ki, Avropanı konsert və festivallarla yox, el şənlikləri ilə gəzmişəm. Mən Londonda sünnət toyunda oxumuşam. İspaniyanın Barselona şəhərində Əli kişi var, onun 70 illiyində oxumuşam. Burdan Barselonaya uçmuşam".

Nazim nağıllardakı kimi dərə-təpə düz gedib ayaq basmadığın yer qalmayıb. Bəs, həyat yoldaşın bu qədər yer gəzib dolaşdığın üçün səni qısqanmır ki?

"O zaman ki qısqanclıq hökmranlıq eləmir, deməli, o ailə sağlam və normal yaşayacaq. Həm də ki həyat yoldaşım 27 il əvvəl mənə gələndə bilirdi ki, kimin yanına gəlir".

Qısqanclığın sonda ailənin dağılması ilə nəticələnə biləcəyini söyləyən müğənni qısqanclıq olmadığı halda sərçənin dönüb dolaşıb gələcəyi yerin elə onun öz evi olduğunu bildirdi:

"Gəlin belə danışaq da. Tutalım, sabah qısqanclıq oldu, çatdı elə bir pik həddə ki ayrılırıq. Ayrıldıq. Kim nə qazandı? Heç kim. Amma belə sərçədir də, hara uçsa, yenə də qayıdıb gəlir öz evinə".

Fanatın sevgiliyə çevrilməsi məsələsinə də toxunan Nazim zaman keçdikcə müğənninin həmin adamın gözündə aşağı düşdüyünü etiraf etdi:

"Bunun sonu yoxdur. Ən azından sənin ailən var. Sənin övladların var. O adamın da, bəlkə, ailəsi var. Yaxud subay bir qadındır. Sən zaman keçdikcə həmin qadın üçün olursan adi bir insan, adi bir kişi. Onun üçün zirvədə dayansan da, ünsiyyət o qədər yaxınlaşırsan ki, vaxt ötdükcə onun üçün adi bir insana çevrilirsən".

Yaradıcılığı haqda da danışan ifaçı Azərbaycan dilində olan mahnıları tərcümə etdirərək bu üsulla daha geniş auditoriyaya xitab edəcəyini düşünür:

"Mən bəzi mahnılarımı rus dilinə tərcümə etdirib oxumuşam. Bu, onunla əlaqədardır ki, başqa ölkələrdə rusdilli insanlar var. Onlar da qulaq asa bilsinlər, deyə tərcümə etdirmişəm. Brilliant Dadaşovanın Novuz haqqında oxuduğu mahnını tərcümə edib oxumuşam".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: