"Azexport" bölgə sahibkarları ilə görüşlərə başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi Azexport.az portalından ixrac imkanlarının genişləndirilməsi məqsədilə bölgələrə səfərlərə başlayıb. SİA xəbər verir ki, ilk görüş Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarının 60-a yaxın sahibkarı ilə reallaşıb.

Şamaxı Rayon İcra Hakimiyyətində keçirilən görüş zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ixrac imkanlarının genişləndirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu baxımdan qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda yeni istehsal sahələrinin inkişaf etdirilməsi vacibdir. Son illər qeyri-neft potensialının cəmləşdiyi regionların inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına uyğun olaraq kompleks tədbirlər görülür. Xüsusi iqtisadi zonalarının yaradılması, tənzimləmə və inzibati prosedurları sadələşdirməklə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sənaye şəhərciklərinin, biznes inkubatorların yaradılması istiqamətində görülən işlər və digər tədbirlər ölkəmizdə istehsalın genişlənməsində, ixrac imkanlarının artmasında xüsusi əhəmiyyətə malikdir. Bir neçə ay əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.

Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib. Həmçinin Azexport.az-a inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə məlumat verilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək "Azexport"un iş adamlarına böyük imkanlar yaradacağına ümidvar olduğunu bildirib.

Sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edildikdən sonra, onları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlar ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan məmnunluqlarını ifadə ediblər.

Tədbirdə Ağsu, İsmayıllı, Qobustan rayon icra hakimiyyətlərinin rəhbərlikləri də iştirak edib.

Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsilə müxtəlif ölkələrdən 5 milyon dollara yaxın məhsul sifarişi daxil olub.

Azexport.az komandasının həm Bakıda, həm də bölgələrdə sahibkarlarla görüşləri davam etdirəcək.