"64 cinayətin üstü isti izlərlə açılıb"

Hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov məlumat verib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib.

Diqqətə çatdırılıb ki, əlaqədar dövlət təsisatları tərəfindən cinayətkarlıq və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizə ilə bağlı həyata keçirilmiş qabaqlayıcı profilaktiki tədbirlərin nəticəsidir ki, 2016-cı ildə qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq, odlu silahla törədilən, ictimai yerlərdə baş verən və sair cinayətlərin sayı 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.