Elariz: "Bunlar yalandır, gülməlidir"

"Ailəmi dağıtdım, şəxsi həyatımı sənətimə qurban verdim..."

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Olduqca maraqlı və qalmaqallı açıqlamaları ilə diqqət çəkən müğənni ünvanladığımız suallara səmimi cavablar verdi.

Depressiyada olduğu şayiələri ayaq tutan Elariz bu məsələyə aydınlıq gətirdi:

"Yox, Allaha şükür. Heç bir depressiya yoxdur. Əgər olarsa, ailə, ev şəraitində özümü depressiyadan çıxararam. Ümumiyyətlə, olsa da, çalışaram ki, onu efirdə göstərməyim. Çünki tamaşaçılara həmişə mənim pozitiv anlarım lazımdır".

Müğənni boşanaraq sənəti özünə başlanğıc seçənləri də qınayıb: 

"O fikirlə mən heç vaxt razı olmamışam ki, mən ailəmi dağıtdım, şəxsi həyatımı sənətimə qurban verdim. Məncə, elə olmalı deyil. İnsanın sənəti də, yaşam tərzi, avtomobili, evi də, hamısı ailəyə xidmət etməlidir".

Elariz Məmmədoğlu özgəsinin atına minib "alçaq dağları mən yaratmışam" söyləyən bəzi müğənniləri də qınaq atəşinə tutdu:

"Başqasının maşınında çəkilib deyim ki, bu, mənim maşınımdır? Başqasının evində çəkiliş aparım, deyim ki, bu, mənim evimdir? Başqasının villasını, bağını deyim ki, bu, mənimdir? Əslində belə şeylər məndə yoxdur. Çünki sevmirəm. Bu, qıraqdan da çox pis görünür.

Maşın kolleksiyası olan varlı bir adamın kolleksiyasını göstərib deyib ki, bu, mənimdir. Gülməli görünür. Bir müddət sonra özü də etiraf edir ki, onlar mənim deyil.

Sual doğur ki, bu necə qazandı? Musiqi ilə bu mümkün deyil. Biz mahnı oxumaqla, toylara getməklə maksimal şəkildə ev, maşın və bağ ala bilərik".

- Elariz, şou-biznes nümayəndələri özlərinə hər ehtimala qarşı biznes qururlar. Belə deyək də, sabahları üçün özlərinə gün ağlayırlar. Bəs sizdə vəziyyət necədir?

- Bir ara mən biznes qurdum. İki dükanım var idi. İşlədirdim, xeyrini də görürdüm. Amma həvəsim yox idi. Toyun sonunda mənə pul verirlər. Mən o pula baxanda ləzzət alıram. Pulu verəndə deyirlər ki, sən bu məclisi çox gözəl idarə etdin. Sənətimdən qazandığım pul mənə ləzzət edir.

Sənətçi bu müddətdir sevənlərindən uzaq düşsə də, yaradıcılığına fasilə verməyib, işlər yenə də davam edir:

"Faiq Sücəddinov telekanalların birində mən çıxış edərkən baxıb, verilişdən sonra mənə zəng etdi, dedi ki, "gəl sənə bir mahnı verim". Yaşıl Teatra, onun kabinetinə getdim. Gözəl bir mahnı hədiyyə etdi. Pianoçu Əvəz Muradovla o mahnı üzərində çalışırıq".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.