"Olanlardan-keçənlərdən"

Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad rayonuna səfər edib. SİA-nın verdiyi xəbərə görə, rayonun mədəniyyət işçiləri və xalq teatrının üzvləri ilə keçirilən görüşdə Lənkəran Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustaları, xalq artisti Qabil Quliyev və əməkdar artist Adil Zeynalov çıxış edərək, cəlilabadlı mədəniyyət işçilərinə istənilən köməyin göstərilməsinə hazır olduqlarını bəyan ediblər. Qeyd olunub ki, həvəskar dram dərnəklərinə, xalq kollektivlərinə professional teatrlar tərəfindən hamilik köməyinin göstərilməsi şəxsən Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən onların qarşısında vəzifə kimi qoyulub. Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov isə çıxışında Lənkəran teatrının kollektivinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü çatdırıb.

Daha sonra Lənkəran teatrının truppası tədbir iştirakçılarına Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təqdim edib. Xalqı düşündürən, onun tələb və ehtiyaclarından bəhs edən bu səhnə əsərində dövrün ağrılı-acılı məqamları, nadanlıq, cəhalət, dünyəvi eybəcərliklər tənqid atəşinə tutulub.

Tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Rauf Zeynalov, Emin Fərzullayev, Hikmət Cəfərov və digərləri ifa ediblər.

Qeyd edək ki, "Olanlardan-keçənlərdən" tamaşasının premyerası 1985-ci il martın 28-də baş tutub. Eyni quruluşda Lənkəran teatrının repertuarında öz sevilən mövqeyini qoruyub saxlayan bu tamaşa həmçinin Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fondu"na daxil edilib.