Ukraynada "kölgə iqtisadiyyatı"nın ÜDM-də çəkisi 40%-ə enib

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Ukraynada "kölgə iqtisadiyyatı"nın ÜDM-də çəkisi azalıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "İnterfax" agentliyi Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, 2014-cü il ilə müqayisədə ötən il Ukraynada "kölgə iqtisadiyyatı"nın ÜDM-də payı müvafiq olaraq 43%-dən 40%-dək azalıb.

"2013-cü ildən etibarən "kölgə iqtisadiyyatı"nın artım tempinin zəifləməsinə nail olunub. Ötən ilin I rübündə bu göstərici ÜDM-in 46%-ə bərabər olub, növbəti rüb isə 42%-ə qədər azalıb, ötən ilin ikinci yarısında isə 40% səviyyəsində sabitləşib", - deyə məlumatda vurğulanıb.

Bununla belə, ötən il əldə olunan nəticə 2011-2013-cü illərdəki nəticələrlə müqayisədə yüksəkdir. Həmin dövrdə Ukraynada "kölgə iqtisadiyyatı" ÜDM-in 34-35%-ni təşkil edib.