"Olanlardan-keçənlərdən" Cəlilabadda

Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad rayonuna səfər edib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayonun mədəniyyət işçiləri və Xalq teatrının üzvləri ilə keçirilən görüşdə Lənkəran teatrının direktoru Tofiq Heydərov, aparıcı səhnə ustaları, xalq artisti Qabil Quliyev və əməkdar artist Adil Zeynalov çıxış edərək, cəlilabadlı mədəniyyət işçilərinə hər hansı köməyin göstərilməsinə hazır olduqlarını bəyan ediblər. Qeyd olunub ki, həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də həvəskar dram dərnəklərinə, xalq kollektivlərinə hamilik köməyinin göstərilməsi, onların qarşısında vəzifə kimi qoyulub.

Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanov isə çıxışında Lənkəran teatrının kollektivinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü çatdırıb.

Daha sonra Lənkəran teatrının truppası tədbir iştirakçılarına Üzeyir Hacıbəyovun əsərləri əsasında mərhum rejissor, əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təqdim edib. Xalqı düşündürən, onun tələb və ehtiyaclarından bəhs edən bu səhnə əsərində dövrün ağrılı-acılı məqamları, nadanlıq, cəhalət, tənqid atəşinə tutulub.

Tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov, Rauf Zeynalov, Emin Fərzullayev, Hikmət Cəfərov və digərləri ifa ediblər.

Qeyd edək ki, "Olanlardan-keçənlərdən" tamaşasının premyerası 1985-ci il martın 28-də baş tutub. Lənkəran teatrının repertuarında öz mövqeyini qoruyub saxlayan bu tamaşa Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fondu"na daxil edilib.

Sərraf Mirsəfəroğlu