"Gilan Holdinq": Məqsədimiz gənclərimiz üçün daha çox daimi iş yerlərinin açılmasıdır

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Gilan Holdinq"ə daxil olan şirkətlərin fəaliyyəti əsasən gənclərimiz üçün daha çox daimi iş yerlərinin açılmasıdır".

"APA-Economics" xəbər verir ki, bunu "Gənclər arasında sahibkarlığın təşviqi, yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı "Gilan Holdinq"in işə qəbul üzrə mütəxəssisi Vüsal Muradov bildirib.

V.Muradov qeyd edib ki, biz fəaliyyətimizin müxtəlif istiqamətlərində daima inkişafa meyli olan, hər zaman öz uğurlu gələcəyini düşünən gənclərimizlə əməkdaşlıq etməyə çalışırıq. Son dövrlər ölkəmizdə yeni iş yerlərinin açılmasında, dövlət tərəfindən gənclərə göstərilən dəstəkdə, gənc sahibkarlara yaradılan şəraitdə "Gilan Holdinq" olaraq bizimdə öz payımız vardır.

"Meyvə şirələrindən tutmuş, meyvə-tərəvəz və bitki istehsalı, taxıl və toxumluq məhsulları, süd və süd məhsullarının istehsalı zamanı biz gənclərlə əməkdaşlıq edirik, onlarla işləyirik. Bizim kollektivdə 5 mindən çox insan çalışır ki, bunların da əksəriyyətini gənclər təşkil edir. Məhz peşəkar gənclərə göstərdiyimiz etimadın nəticəsidir ki, bu gün "Gilan Holdinq" bir çox sahələrdə sürətlə irəliləyir.

Gənclərin universiteti bitirdikdən sonra işlə təmin olunmasında iri holdinqlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən şirkət rəsmisi "Gilan Holdinq" olaraq bu yükü dərk etdiklərini və gənclərə dəstək olmaq məqsədilə elektron, tam şəffaf işəqəbul sistemini istifadəyə verdiklərini əlavə edib.

"Gilan Holdinq"in istehsal etdiyi məhsullara gəlincə isə holdinqin müxtəlif müəssisələrində 84 növ şirə, çox saylı süd və digər məhsullar istehsal olunur ki, bu da regionlara olan yatırımlar nəticəsində yeni daimi iş yerlərinin açılması anlamına gəlir. "Gilan Holdinq"in böyük müəssisələri regionlarda yerləşir və regionlarda biz daima gənclərlə çalışırıq. Düzdür, bölgələrdə yüksək ixtisaslı kadrların sayı azdır, bunun üçün də biz aqrar sahədə yeni proqram üzərində işləyirik. Proqram onu nəzərdə tutur ki, tələbələr müxtəlif ixtisaslar üzrə bizə müraciət etdikdən və bizdən müəyyən təlim aldıqdan sonra bizim şirkətin üzvü olub, öz şəhərlərini tərk etmədən işlə təmin olunsunlar".

V.Muradov şirkətin konserv zavodlarının istehsalından danışarkən bildirib ki, istehsal etdikləri meyvə şirələri, meyvə və tərəvəz konservləri dünyanın bir çox ölkələrinə ixrac olunur. Bu da öz növbəsində yerli məhsullarımızın dünya ölkələrində daha çox tanınmasına, xarici istehlakçıların "Gilan Holdinq"in ayrı-ayrı müəssisələrində istehsal olunan müxtəlif növ ərzaq məhsullarına marağın artmasına gətirib çıxarır.